Toplantının yekunları ilə bağlı mətbuat konfransı keçirilib

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısının yekunları ilə bağlı mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransda Energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyasının Enerji Direktorluğunun Baş Direktorunun müavini Klaus Diter Borxart və İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde iştirak edib, öz fikirlərini media nümayəndələri ilə bölüşüblər.

Konfransda çıxış edən Energetika naziri Pərviz Şahbazov qeyd edib ki, bu ilin sonuna kimi Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması nəzərdə tutulur.

Avropa Komissiyasının Enerji Direktorluğunun Baş Direktorunun müavini Klaus Diter Borxart isə diqqətə çatdırıb ki, əsas məqsəd Cənub Qaz Dəhlizi ilə ixrac olunan qazın 10 milyard kub metrdən 20 milyard kub metrə çatdırılmasıdır. O, həmçinin qeyd edib ki, bununla bağlı razılıq əldə olunub. Həmçinin nəzərə çatdırıb ki, Azərbaycanda çox perspektivli yataqların kəşfiyyatı aparılır.

Ardınca çıxış edən İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde isə İtaliyanın mövqeyini bildirib və qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi baxımından həm təchizatçılar, həm də istehlakçılar üçün bir şaxələndirmə mənbəyidir. O, həmçinin vurğulayıb ki, Azərbaycan və İtaliya arasında energetika sahəsində əməkdaşlığın çox yaxşı gələcəyi var. Nazir müavini İki ölkənin müvafiq nazirləri tərəfindən Prezident İlham Əliyevin səfəri zamanı energetika sahəsində Anlaşma Memorandumu imzalandığını da diqqətə çatdırıb və xatırladıb ki, məqsəd, enerji mənbələrinin şaxələndirilməsi sahəsində iki ölkə arasında enerji sahəsində iş birliyinin gücləndirilməsindən ibarətdir.

Mətbuat konfransının sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb və bununla da konfrans yekunlaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə