"Süni qiymət artımına nazirlik tərəfindən müdaxilə olunacaq" AÇIQLAMA

"Süni qiymət artımına nazirlik tərəfindən müdaxilə olunacaq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev apteklədəki süni qiymət artımı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O bildirib ki, dünyada yeni növ koronavirusun yayılması ilə əlaqədar tibbi maskalara olan təlabat artıb, bu da tibbi maskaların qiymətinə birbaşa təsir edib: "Məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib".

Mətbuat katibi bildirib ki, məsələ araşdırıldıqdan sonra bununla bağlı nazirlik tərəfindən qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək: "Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə