Neftin ucuzlaşması dövlət büdcəsinə təsir edə bilərmi? EKSPERT RƏYİ-ÖZƏL

“Son günlər neftin qiymətində müşahidə edilən enmələrə görə dövlət büdcəsinə düzəliş edilməsinə ehtiyac yoxdur. Çünki neft qiymətlərinin dövlət büdcəsinə birbaşa təsiri yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, dövlət büdcəsinin neft sektorundan gəliri əsasən transfertlər hesabına təmin edilir: “Neft Fondu bu mənada dövlət büdcəsi üçün etibarlı maliyyə yastığı rolunu oynayır. Neft çox ucuzlaşdıqda dövlət büdcəsinin gəlirləri transfert hesabına təmin edilir və qiymət enməsindən yaranan zərəri Neft Fondu öz üzərinə götürür. Buna görə də neftin qiyməti Dövlət Neft Fondundan yanvar ayından dekabr ayının sonuna qədər olan transfertlərin həyata keçirilməsinə maneə yarada bilmir. Bunu biz 2015-2016-cı illərdə neftin kəskin ucuzlaşdığı dövrdə gördük”.

Ekspert qeyd edib ki, 2020-ci ildə Neft Fondundan 11,76 milyard manat həcmində vəsaitin dövlət büdcəsinə transferti nəzərdə tutulub.

P.Heydərov vurğulayıb ki, həmin vəsait neftin qiymətindən asılı olmayaraq təmin ediləcək: “İndiyə qədər elə bir il olmayıb ki, neftin qiymətinin düşməsi səbəbindən transfert azaldılsın. Qiymətin transfertə aidiyyatı yoxdur. Əksinə dünya bazarında neftin qiyməti proqnozdan xeyli yüksək olanda dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinə yenidən baxılıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə