Əli Əlirzayev: “Korrupsiyaya qarşı mübarizədə onun mübarizə metodlarından düzgün istifadə edilməlidir ”- MÜSAHİBƏ (SƏS TV)

Əli Əlirzayev: “Korrupsiyaya qarşı mübarizədə onun mübarizə metodlarından düzgün istifadə edilməlidir ”- MÜSAHİBƏ (SƏS TV)

- Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərini bir iqtisadçı kimi necə qiymətləndirirsiniz?

- Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi vacib, zəruri bir şərtdir. Ona görə ki, Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti, onun inkişaf dinamikası, perspektivi korrupsiya ilə bir araya sığmaz. Bu səbəbdən də korrupsiyanın qarşısının alınması üçün həyata keçirilən tədbirlərin, prezident, dövlət tərəfindən həyat keçirilməsi çox mühüm bir hadisədir. Bu həm ictimaiyyət, həm də xarici dövlətlər tərəfindən qəbul olunur. Bu hadisə iqtisadiyyatda şəffaflığa gətirib çıxaracaq

- Sizcə, rüşvətxorluq iqtisadi inkişafa, hüquqi demokrati proseslərə əngəl yaratmır ki?

- Burada ilk növbədə korrupsiyaın mahiyyətini başa düşmək lazımdır. Korrupsiyanın mübarizə metodlarında ola bilsin ki, müəyyən səhvlər olsun. Korrupsiya bir gündə yaranan proses deyil, o ölkədə olan siyasi, iqtisadi şəraitin bəhrəsidir. Korrupsiya həm də inkişafa mane olan ən mühüm amillərdən biri olmaqla yanaşı ən neqativ qan damarıdır. Korrupsiyanın olması inkişafın dayanmasına gətirib çıxara bilər. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır. Demokratik prinsipləri həyata keçirmək üçün korrupsiya olmamalı, aşkarlıq olmalıdır. Korrupsiyaya qarşı mübarizədə onun mübarizə metodlarından düzgün istifadə edilməlidir. Bizdə bu proses inzibati metodlarla həyata keçirilsə də, onun iqtisadi metodları da mövcuddur. İnzibati metodlar ola bilsin bu və ya digər mənada ədalətli mübarizə metodu olmasın, ictimaiyyətin hər hansı bir narazılığına səbəb olsun. Ona görə də onun mübarizə metodlarının düzgün seçilməsi çox mühümdür. Korrupsiyanı yaradan səbəblərə iqtisadi səbəblər daxildir. Bura iqtisadiyyatda mövcud olan inhisarçılıq, iqtisadiyyatın bu və ya digər məmurun ətrafında cəmləşməsi aiddir.

Hər bir ölkədə korrupsiya var. Lakin elə ölkələr var ki, orada korrupsiyanın əhatə dairəsi daha genişdir. Bu daha qorxuludur. Korrupsiyaya qarşı mübarizə bütün dünya ölkələrində əsas yerlərdən birini tutur. Çünki bir sıra ölkələr demokratiya ilə korrupsiyanı bir araya qoymurlar. Korrupsiya ilə mübarizəyə dair metodların seçilməsi iki amildən - obyektiv və subyektiv amillərdən asılıdır. Subyektiv amil odur ki, kimlər korrupsiyaya qarşı mübarizə aparır. Mən hesab edirəm ki, korrupsiyanın qarşısının alınmasının iqtisadi metodları daha güclüdür. Bu metodla mübarizə apamaq maliyyə şəffaflığını təmin etmək, bütövlükdə dövlətin, məmurun iqtisadiyyata müdaxiləsinin azalması deməkdir. Liberal iqtisadiyyat olmalıdır. Azad maliyyə olmalı, xarici iqtisadi əlaqələr də inzibati yolla deyil iqtisadi yolla olmalıdır. Bu, yeni korrupsiyaya gətirib çıxara bilər.

- Süni qiymət artımı ilə bağlı həyata keçirilən dövlət tədbirlərini qənaətbəxş hesab etmək olarmı?

- Süni qiymət artımı infilyasiyanın yaranmasında mühüm amildir. Süni qiymət artımı da korrupsiyanın nəticəsidir. Hər adam süni qiymət artımı edə bilməz. Azad bazar iqtisadi şəraitində qiyməti bazar tənzim etməlidir. Bu qanundur. Lakin tənzimlənən qiymətlər də var ki, bunalara enerji resursları və qaz daxildir. Onlar dövlət tərəfindən tənzimlənir. İnhisarçılıq korrupsiyanı yaradan səbəblərdəndir. Əgər bazarın 80 faizi bir nəfərin əlindədirsə, bu hal inhisarçılığa gətirib çıxarır.
Məmurların və ya hər hansı bir inhisarçının əlində cəmləşən resursların çox olması inhisara gətirib çıxara bilər. Qiymət artımının da səbəbi budur. Əgər məhsul yoxdursa, qıtdırsa alıcılıq qabiliyyəti çoxdursa təbii ki, orada qiymət artacaq. Bu vəziyyətdə tələb təklif qanunu əsas götürülür. Tələb təklifin hər bir dövlətdə, hər bir quruluşda o cümlədən Azərbaycanda özünəməxsus qanunauyğunluqları var. Əgər məhsul çoxdursa, onun alıcılıq qabiliyyəti yoxdursa təbiidir ki,onun qiyməti aşağı düşəcək.

- Dünyada ərzaq məhsullarında qıtlıq və qiymət artımı baş verəcəyi ilə bağlı proqnozlar Azərbaycanda özünü hansı formada göstərə bilər?

- Hər bir ölkənin iqtisadiyyatı açıq iqtisadiyyat şəraitində qurulmalıdır. Daxili imkanlar hesabatına iqtisadiyyatını qurmaq düzgün deyil. Elə məhsullar var ki, biz onları istehsal edə bilmərik. Amma elə məhsullar var ki, biz onları mütləq ixrac edirik. İxrac ölkə iqtisadiyyatında ən mühüm bir prosesdir. Biz çalışmalıyıq ki, təkcə nefti yox, digər məhsullarımızı da xaricə ixrac edək, gəlirləri artıraq. Təbii ki, neftin qiyməti artanda sevinirik ki, biz də neft ixrac edən ölkələr sırasına daxilik. Onun qiyməti artdıqca bizim gəlirlərimiz, ümumi daxili məhsulumuz, büdcə gəlirlərimiz artır. Bu, ölkəmizin spesifik iqtisadi vəziyyətidir. Biz dünya inteqrasiya məkanına neftlə daxil oluruq. Bizdə kənd təssərüfatı məhsulları demək olar ki, istehsal olunmur. Ayrı-ayrı şirkətlər xarici ölərlə ixracat həyata keçirsələr bu səmərəli proses olar. O zaman bizim ümumi daxili məhsulumuz daha da artar. Bu iqtisadiyyatın spesifik tərəflərindən biridir.
O ki qaldı ərzaq məhsullarına qida azdır. Ərzaq qıtlığı iqtisadi təhlükəziliyin ən konseptual inkişaf tərəfidir. Müstəqillik təkcə ÜDM-nın artması demək deyil, bu həm də xarici ölkələrdən asılılığımızın azalması deməkdir. Bizim xaricə olan borcumuz digər ölkələrə baxanda çox azdı. Biz bütün məhsulları istehsal etmək iqtidarında deyilik. Amma kənd təsərrüfatını özümüz istehsal edə bilərik. Bu prioritet istiqamətlərdən biridir. Bununla həm gəlirlərimizi, həm də iş yerlərini artıra bilərik.

- Rəqabət Məcəlləsi haqqında qanun qəbul olunması sizcə bazarda rəqabət mühitinin yaranmasına təkan ola bilər?

- Rəqabət Məcəlləsi ümumiyyətlə bazar iqtisadiyyatının ən aparıcı üsuludur. Əgər istəyiriksə bazar iqtisadiyyatı səmərəli təşkil olunsun, o zaman korrupsiya, rüşvətxorluq olmamalıdır. Rəqabət qabiliyyətli mühit yaratmaq mühümdür. Bu qanunu təsdiq etmək lazımdır. Qanunda bir çox meyar qoyulmalıdır. Rəqabət şəffaflıq deməkdir. Düşünürəm ki, bu problem ölkəmizdə əsas problemlərdən biridi. Bunun qarşısı alınmalıdır.

- Dünya bazarında neftin qiymətinin bahalaşması Azərbaycanın dövlət büdcəsinə yenidən baxılmasına səbəb ola bilər?

- Neftin qiymətinin artması büdcə qanunu ilə tənzimlənir. onun tənzimlənməsi üçün büdcə sistemi haqqında qanun var. İldə bir dəfə büdcəyə bu və ya digər səbəblərlə bağlı dəyişiklik edilir. Bu əsasən mayda baş verir. Əgər büdcədə hər hansı bir artıq və ya əksik olursa o zaman büdcəyə dəyişiklik edilə bilər. Büdcə sistemi haqqında qanuna uyğun olaraq büdcədə artıq qalan pulun hara xərclənməsinə baxılır, onun hansı istiqamətə yönəldilməsi parlamentarilər tərəfindən təsdiq edilir. Ümumilikdə Milli Məclisin iqtisadi siyasət komitəsi büdcəyə dəyişiklilər bağlı prezidentə müraciət etməklə orada dəyişiklik edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə