Məmməd Musayev: “Üzümçülük və çayçılığın inkişafı üçün uzunmüddətli kreditlərə ehtiyac var”

Məmməd Musayev: “Üzümçülük və çayçılığın inkişafı üçün uzunmüddətli kreditlərə ehtiyac var”

Hindistanlı işadamları Azərbaycana böyük maraq göstərir. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev jurnalistlərə açıqlamasında deyib. M.Musayev iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün yaradılan İşgüzar Əməkdaşlıq Şurasında həm azərbaycanlı, həm də hindistanlı sahibkarların yer alacağını deyib. O, bu şurada həmçinin Azərbaycanın qonşu ölkələrinə investisiya yatırmaq istəyən hindistanlı sahibkarların da təmsil olunacağını qeyd edib.

Azərbaycanda əczaçılıq fabriki və sement zavodunun tikilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı hindistanlı sahibkarların maraq göstərdiyini vurğulayan M.Musayev bunun üçün müvafiq qurumlarla müzakirələrin aparılacağını ifadə edib.

Sahibkarlar Konfederasiyasının prezidenti bu ilin ikinci yarısında, təxminən oktyabr-noyabr aylarında Azərbaycanlı sahibkarların Hindistana səfərinin də razılaşdırıldığını diqqətə çatdırıb: "Məqsədimiz odur ki, orada da belə bir forum keçirək və işadamlarımızın Hindistanda investisiya qoyması üçün işlər görək".

İqtisadi İnkişaf Nazirliyi, həm də Konfederasiyanın sahə assosiasiyaları tərəfindən sahibkarların ehtiyaclarının öyrənildiyini deyən M.Musayev bu ehtiyacların müxtəlif formada olduğunu vurğulayıb: "Azərbaycan bankları hal-hazırda müxtəlif sahələrə kredit verir. Həm Aqrar-Kredit Təşkilatı, həm Sahibkarlığa Kömək Milli Fondu hesabına, o cümlədən Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondunun şimal-şərq, şimal-qərb layihələri çərçivəsində güzəştli kreditlər verir. Bu kreditlər əsasən 30 min manata qədərdir. Azərbaycanda kənd təsərrüfatına vergi güzəştləri var. Eyni zamanda sərgilər keçiririk ki, sahibkarların istehsal etdiyi məhsulların tanıdılmasına və ixracına kömək olsun".

Kənd təsərrüfatının bəzi sahələrin inkişafı üçün uzunmüddətli kreditlərə ehtiyac olduğunu bildirən M.Musayev diqqətə çatdırıb ki, bununla bağlı hökumətlə müzakirələr gedir: "Ola bilər ki, bunun üçün müvafiq maliyyə qurumu yaradılsın. Hesab edirəm ki, yaxın günlərdə müvafiq qərar veriləcək. Bunun vacibliyi prezident İlham Əliyev tərəfindən də qəbul olunub ki, üzümçülüyün inkişafı Azərbaycana vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə