İnflyasiyanın aşağı olması manatın rəqabət qabiliyyətini dəstəkləyib

İnflyasiyanın aşağı olması manatın rəqabət qabiliyyətini dəstəkləyib

Cari ildə milli valyutanın məzənnəsi ölkədə makro-iqtisadi və maliyyə sabitliyinin başlıca lövbəri kimi çıxış etməklə nəinki regionda, hətta inkişaf etməkdə olan ölkələrin valyuta qrupunda özünü dayanıqlı valyutalardan biri kimi göstərib. SİA Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ildə daxili valyuta balansında təklif tələbi üstələyib, manatın məzənnəsi bahalaşma təzyiqləri altında olub. Valyuta təklifi əsasən tədiyə balansının profisiti, fiskal məqsədlər üçün istifadə olunan neft gəlirləri və de-dollarizasiya meyilləri ilə dəstəklənib.

2019-cu ildə banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın səviyyədə formalaşıb. Rəsmi məzənnə isə banklararası bazarda orta çəkili məzənnə əsasında müəyyən edilir. Banklararası bazarda valyuta əməliyyatlarının həcmi 15% artıb.

Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2019-cu ilin 11 ayında 2% ucuzlaşıb. Azərbaycandakı inflyasiyanın ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli aşağı olması manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərməklə rəqabət qabiliyyətini dəstəkləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə