2019-cu ilin iqtisadi və sosial yekunları növbəti il üçün nikbin proqnozlar vəd edir ÖZƏL-MÜNASİBƏT

2019-cu ilin iqtisadi və sosial yekunları növbəti il üçün nikbin proqnozlar vəd edir ÖZƏL-MÜNASİBƏT

2019-cu il Azərbaycan üçün yadda qalan illərdən biri oldu və bu il Azərbaycan iqtisadiyyatı üçün həm də sosial paketlərin təqdim olunması və uzun müddət müzakirə edilən problemli kreditlərə kompensasiyanın verilməsi ilə yadda qaldı. Bunu SİA-ya müsahibəsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

İqtisadçı ekspert qeyd edib ki, xüsusən devalvasiyadan sonra xarici valyutada olan kreditlərə kompensasiyanın verilməsi məsələsi gündəmdə idi və 2019-ci ilin fevral ayında ölkə Prezidentinin məhz birbaşa siyasi iradəsi nəticəsində xarici valyutada olan kreditlərə kompensasyanın verilməsi həyata keçirildi və nəticə etibarı ilə bu 800 minə qədər vətəndaşımızı əhatə etməklə 700 milyon manatdan artıq vəsaitin bu istiqamətdə yönəldilməsinə səbəb oldu.

"Eyni zamanda tətbiq edilən paketlər həm minimum əməkhaqqı, həm minimum pensiya məbləğində orta hesabla iki dəfəyə yaxın artımlarla müşahidə olundu və sosial müavinətlərdə artımlar qeydə alındı, minimum əməkhaqqı 130 manatdan 250 manata çatdırıldı, pensiyaların məbləğləri minimum olaraq 200 manata qədər artırıldı ki, nəticə etibarı ilə xüsusən həssas qrupların sosial təminatının gücləndirilməsinə hesablanan addımları biz müşahidə etdik. İki sosial paketin təqdim olunması təxminən 4 milyon nəfər vətəndaşımızı əhatə etdi və bu istiqamətdə dövlət büdcəsindən əlavə olaraq üç milyard manatdan artıq vəsaitin ayrılmasına səbəb oldu və nəticə etibarı ilə biz bir tərəfdən sosial təsir imkanlarının genişlənməsi və xüsusən də daha çox sosial qayğısı olan vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılmasını müşahidə etdik.

Digər tərəfdən isə 2019-cu il həm də Azərbaycan üçün xüsusilə kadr islahatları baxımından yadda qalan illərdən biri oldu. Nəzərə alsaq ki, strukturun çevikləşdirilməsi və xüsusən də bir-birini əvəzləyən strukturların, qurumların birləşdirilməsi həyata keçirildi və bu daha optimal, daha çevik, daha şəffaf qərarların verilməsi baxımından çox vacib idi və biz həm yeni qurumların yaradılması, həm də bir-birini əvəz edən qurumların birləşdirilməsini müşahidə etdik ki, bu da 2019-cu ildə idarəetmə sisteminin çevikliyinin artırılması baxımından vacib idi. 2019-cu il üçün ölkə Prezidentinin müəyyənləşdirdiyi iqtisadi prioritetlər arasında gizli iqtisadiyyatın minimumlaşdırılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması və ö cümlədən sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması və əsas istiqamətlərdən biri oldu.

2019-cu ildə xüsusən də vergi sistemində aparılan islahatlar, həm də nəticə etibarı ilə şəffaflığın gücləndirilməsi ilə bağlı tədbirlər nəticəsində 160 mindən artıq yeni əmək müqaviləsinin bağlanmasını müşahidə etdik ki, bu da qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsinə imkan yaratdı. Nəticə etibarı ilə isə dövlət büdcəsinə 800 milyon manatdan artıq əlavə vəsaitin cəlb edilməsi mümkün oldu. Bunun da təbii ki, fiskal təsirləri vardır.
2019-cu ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı mühüm məqamlardan biri qeyri-neft iqtisadiyyatında və qeyri-neft sənayesindəki artımın yüksək olması ilə bağlıdır. Beləki, qeyri-neft sənayesində 15 faizə yaxın artım qeydə alındı. Bu əslində ikirəqəmli artımdan xəbər verir. Belə baxanda 2019-cu il makroiqtisadi göstəricilər baxımından da pozitiv oldu. Makroiqtisadi stabillik davam etdi və bu özünü iqtisadi artım göstəricilərində birbaşa əks etdirdi.

2020-ci il də bu kontekstdən məhz Azərbaycanda iqtisadi artım tempinin qorunub saxlanması ili kimi yadda qalacaq. Azərbaycan hökumətinə beynəlxalq maliyyə qurumlarının proqnozu ondan ibarətdir ki, Azərbaycan 2020-ci ildə ümumi daxili məhsulda, eləcə də qeyri-neft sənayesində artıma nail olacaq. Qeyri-neft ixracatında artımların 2020-ci ildə davam edəcəyi gözlənilir. Bu baxımdan 2019-cu ilin iqtisadi və sosial yekunları növbəti il üçün nikbin proqnozlar verməyə imkan yaradır. Artıq yanvar ayından etibarən pensiyaların indeksasiyası həyata keçiriləcək və pensiya məbləğlərində artıma səbəb olacaq və dövlət büdcəsinin xərcələrinin 26 milyard manat təsdiq olunması və eləcə də sosial xərcləri növbəti ildə ümumi xərclərdə payının 38,5 faizi qədər yüksəlməsi 2020-ci ildə də əməkhaqqı və pensiya artımları ilə bağlı qərarların veriləcəyi anlamına gəlir və bu baxımdan 2019-cu ildə müşahidə edilən əməkhaqqı və pensiya artımları, eləcə də sosial təminatın daha da gücləndirilməsi siyasəti 2020-ci ildə də davam etdiriləcək", deyə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə