Beynəlxalq praktikada qeyri-formal iqtisadiyyat fenomeni - TƏHLİL
Yalçın Müslümov,
vergi və biznes məsələləri üzrə məsləhətçi
Qlobal iqtisadiyyatın üçdə birini haqlayaraq müasir dövrün ən mürəkkəb çağırışlarından olan qeyri-formal iqtisadiyyat ağuşuna aldığı insanların sosial və əmək hüquqlarından məhrum olması, iqtisadi inkişafın əngəllənməsi, dövlət gəlirlərinin azalması kimi dərin və çoxşaxəli problemləri tətikləyir. Ötən əsrin 70-ci illərində xüsusi qabardılaraq barəsində həyəcan təbili çalınan qeyri-formal iqtisadiyyat əvvəllər üçüncü dünya ölkələrinin tuş gəldiyi problem kimi təsəvvür edilirdi. Lakin illər keçdikcə, nəinki səngiməyən, hətta miqyası və törətdiyi fəsadların ciddiliyi ağlagəlməz ölçüdə artan bu sahənin inkişaf etmiş ölkələrdə də meydan sulaya biləcək qədər gücə malik olduğu və tarixi məzmunundan daha geniş spektri əhatə etdiyi üzə çıxdı. Təsadüfi deyil ki, bir çox hallarda konkret ölkədə sosial-iqtisadi vəziyyətin qeyri-formal iqtisadi məsələlərdən yan keçən təhlili həm əhatəlilik, həm də səmərəlilik baxımından adekvat qərarların qəbul edilməsi üçün yetərli hesab olunmur. Bu əsasda ötən dövrdə qeyri-formal iqtisadiyyat mövzusu universal status qazanaraq, hazırda elmi tematikanın favoritləri sırasında yer almaqla yanaşı, əksər ölkələrdə sosial-iqtisadi gündəliyin ən aktual məsələlərindəndir.
Ötən bir neçə onillik ərzində müxtəlif tədqiqatçılar tərəfindən qeyri-formal iqtisadiyyata dair alternativ yanaşmaların, ayrı-ayrı təsnifatlaşma meyarlarının ortaya qoyulması bu sahə ilə bağlı unifikasiya olunmuş anlayışın sərgilənməsinə imkan verməmiş, əksinə terminoloji anarxiya yaratmışdır. Nəticə etibarı ilə, irəli sürülən konseptual baxışların xeyli fərqliliyi onların vahid mənzərəyə salınmasını mürəkkəb vəzifəyə çevirmişdir. Lakin bu qeyri-müəyyənlik fonunda əksər tədqiqatçılar belə bir yekdil fikrə malikdirlər ki, qeyri-formal iqtisadiyyatın mahiyyətcə təməlində məhz bu tip proseslərin dövlətin formal tənzimləmə, uçot və nəzarət sistemindən kənarda qalması dayanır.
Mədəni-tarixi və institusional amillərin şərtləndirdiyi fərqli xüsusiyyətlərə malik olmaqla yanaşı, reallaşma formaları cəmiyyət inkişaf etdikcə dəyişən qeyri-formal iqtisadiyyatın, onun inkişaf qanunauyğunluqlarının davamlı öyrənilməsi daim öz aktuallığını qoruyub saxlamaqdadır. Qeyri-formal iqtisadiyyatın əmək resurslarının artıqlığı, işçilərin təhsil və kvalifikasiya səviyyəsinin aşağı olması, kütləvi miqrasiya və s. bu kimi amillər kontekstində xarakterik cəhətləri də ən aktual məsələlərdəndir. Ötən dövrdə qeyri-formal iqtisadiyyatla bağlı tədqiqatların geniş vüsət almasına baxmayaraq, bu sahə öz strukturu, habelə fəsadları ilə yanaşı ortaya qoya biləcəyi bəzi müsbət cəhətlərinə dair alternativ yanaşmaların mövcudluğu, uçotunun aparılmasındakı əngəllər, müxtəlif siyasi və iqtisadi şəraitlərdə özünü qoruyub saxlaya və uyğunlaşa bilməsi və s. bu kimi səbəblərdən tədqiqatçılar üçün çətin araşdırma obyekti hesab edilir. Qeyri-formal iqtisadiyyat anlayışı ilə bağlı hələ də oturuşmuş vahid konsepsiya olmaması, habelə onun konseptuallaşdırılmasında bir çox milli versiyaların ərsəyə gəlməsi məsələnin mürəkkəbliyini bir qədər də dərinləşdirmişdir.
Qeyri-formal iqtisadiyyat nədir?
Bəzi hallarda “qeyri-formal fəaliyyət” dövlətin “radarlarına” düşməyən istənilən leqal iqtisadi fəaliyyət kimi səciyyələndirilir və bu fəaliyyətin iştirakçıları olan müəssisələri, iş yerlərini, işçiləri və digər iqtisadi agentləri əhatə edir. Bu fenomen eyni zamanda “qeyri-qanuni”, “yeraltı”, “kölgə” “qara bazar”, “paralel” iqtisadiyyat kimi adlarla da ifadə olunur. Bəzi qanunla qadağan olunan və gizli fəaliyyət göstərən seqmentlərin (kriminal iqtisadiyyat) qanunazidd mahiyyəti adətən həmin sahənin qeyri-formal iqtisadiyyat anlayışına daxil edilib-edilməməsi ilə bağlı diskussiyalara səbəb olur. Qeyri-formal iqtisadiyyata aid edilməsi mübahisə doğurmayan bir qisim seqmentlər isə öz adiliyinə görə rəsmi uçota alınmaqdan yan qaçır (ev təsərrüfatı və s.). Bu müstəvidə həmçinin müxtəlif səbəblərdən (məsələn, korporativ və şəxsi gəlir vergilərindən, icbari ödənişlərdən, iqtisadi və sosial tənzimləmə normalarından, qeydiyyat və lisenziyalaşma tələblərindən yayınma, qeyri-leqal miqrantlarınan əməyindən istifadə və s.) dövlət qeydiyyatı və nəzarətindən kənarda qalması nəticəsində müşahidə olunmayan fəaliyyət növləri də yer alır. Göründüyü kimi, qeyri-formal iqtisadiyyata geniş spektrli və bir-birindən köklü şəkildə fərqlənən fəaliyyət növlərini aid etmək olar.
Ötən onilliklər ərzində qeyri-formal iqtisadiyyatın determinantları ilə yanaşı, anlayışı və uçotunun aparılması ilə bağlı müxtəlif platformalarda aparılan müzakirələr nəticəsində vahid yanaşma sərgilənməsə də, qeyri-formal fenomeni anlayışına dair mövqelərdə müəyyən yaxınlaşma baş vermişdir. Beynəlxalq Əmək Təşkilatının 2015-ci ildə qəbul etdiyi tövsiyələrdə qeyri-formal iqtisadiyyat işçilərin və iqtisadi agentlərin qanunvericilik və ya praktika baxımından rəsmi tənzimlənmə alətləri ilə əhatə olunmayan və ya yetərincə əhatə olunmayan bütün iqtisadi fəaliyyət formaları kimi müəyyən edilmişdir.
Bəzi araşdırmalara görə, Qərbi Avropada qeyri-formal iqtisadiyyat daha çox istehlak komponenti ilə əlaqəlidirsə, Mərkəzi və Şərqi Avropada bəyan olunmayan iş yerləri və biznes gəlirləri üstünlük təşkil edir. Avropa ökələrində vergi qanunvericiliyinə əməl etmə tələblərinin pozulması əsasən satılan mal və xidmətlərin qiymətlərinin aşağı bəyan edilməsidir. Bununla yanaşı, qeyri-formal proseslərin həcminə təsir edən amillər sırasında sosial inam, sosial və mədəni normalar da yer alır. Bəzi yanaşmalara görə, formal iqtisadiyyat bütün işçi qüvvəsini absorbsiya edə biləcək sayda iş yerləri yarada bilmədiktə qeyri-formal fəaliyyətin artması baş verir.
Ötən dövrdə aparılmış elmi araşdırmalarla qeyri-formal iqtisadiyyatın genişlənməsinə rəvac verən üç əsas nəzəri yanaşma formalaşmışdır. Birinci yanaşmaya görə, qeyri-formal fenomen əsasən inkişaf etməmiş ölkələrdə üstünlük təşkil edir və onun aşağı düşməsi iqtisadi inkişaf və dövlət idarəetməsinin modernləşməsi sayəsində mümkündür. İkinci yanaşma qeyri-formal iqtisadiyyatı şərtləndirən amillər sırasında yüksək vergiləri və həddindən artıq dövlət intervensiyasını görür. Üçüncü yanaşmaya görə, qeyri-formal iqtisadiyyat, o cümlədən onun əsas elementlərindən biri kimi qeyri-rəsmi əmək haqları işçilərin tam müdafiəsi üçün əmək münasibətlərinin tənzimlənməsində dövlətin yetərsiz (qeyri-adekvat) müdaxiləsi nəticəsində baş verir. Lakin, bu yanaşmalar qeyri-formal fenomenin bütün formalarını və baş vermə səbəblərini tam izah etmək üçün kifayət hesab edilmir və bəzi hallarda adekvat olmur. Bu baxımdan, meydana çıxan yeni, dördüncü yanaşmaya görə isə qeyri-formal fenomen həm fərdi səviyyədə, həm də bütövlükdə cəmiyyət səviyyəsində yazılmış formal qaydalar ilə yazılmamış sosial qaydalar arasında tarazlığın pozulmasından irəli gəlir. Nəticədə, formal qaydalara riayət etmək istəməyən iqtisadi agentlər bundan imtina edərək qeyri-formal qaydalarla işləyirlər.
Bəzi statistik məlumatlar
Dünya Bankı ekspertlərinin hesablamalarına görə, qlobal iqtisadiyyatın təqribən üçdə bir hissəsi kölgədədir. Bu göstərici Avropa və Mərkəzi Asiya ölkələri üzrə ümumi daxili məhsulun 36,4 faizini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olan yüksək gəlirli ölkələr üzrə isə 13,4 faizini təşkil edir. Həmin göstəricinin 1 faiz bənd aşağı düşməsi vergi daxilolmalarının ÜDM-ə nisbətdə, orta hesabla, 0,12 faiz bənd artması ilə nəticələnərdi ki, bu da sosial-iqtisadi proqramların maliyyələşdirilməsi imkanlarını əhəmiyyətli şəkildə artırmış olardı.
İƏİT-in məlumatlarına əsasən, hazırda dünyada təqribən 2 milyard insan qeyri-formal məşğuldur ki, bu da bütün işləyənlərin 61 faizini təşkil edir. Qeyri-formal fəaliyyətə məşğulluğun bütün formalarında rast gəlinir və hər 5 nəfər özünüməşğul şəxsdən 4-ü, 2 işəgötürəndən 1-i, 5 işçidən 2-i qeyri-formal çalışır.
Qeyri-formal fəaliyyət daha çox kənd təsərrüfatı və sənayedə rast gəlinir: kənd təsərrüfatında işləyənlərin təqribən 94 faizi, sənayedə çalışanların isə 57 faizi qeyri-formal əsaslarla fəaliyyət göstərir. Hər 5 nəfər qeyri-formal çalışan şəxsdən 3-ü kənd yerlərində yaşayır. Qeyri-formal fəaliyyətə daha çox müvəqqəti və ya natamam iş qrafiki ilə işləyənlər, habelə mikro və kiçik müəssisələrdə işləyənlər məruz qalsalar da, rəsmi fəaliyyət göstərən iri müəssisələrdə də qeyri-formal məşğulluq əhəmiyyətli miqdardadır. İnkişaf etməkdə olan ölkələrdə məşğul əhalinin 70 faizi, inkişaf etmiş ölkələrdə isə 18 faizi qeyri-formal çalışır. Bu göstərici Afrikada 86 faiz, Asiyada 68 faiz, Amerikada 40 faiz, Avropa və Orta Asiyada isə 25 faiz təşkil edir.
İƏİT-in əvvəlki illərdə aparılmış digər araşdırmasına görə, Rusiyada muzdla işləyənlərin 10 faizinin müqaviləsi yoxdur, bu göstərici Türkiyədə, Yunanıstanda və İrlandiyada 40 faiz, Çexiyada, İsveçdə və Finlandiyada isə 5 faizdir. Həmin araşdırmanın nəticələrinə görə, Rusiyada firmaların 40 faizi illik dövriyyələri barədə vergi orqanlarına hesabat vermirlər. Bu göstərici Türkiyə, Yunanıstan və Çexiyada 50 faiz, İspaniya, Slovakiyada isə 20 faizdir. Rusiya üzrə aparılan sorğu nəticəsində müəyyən edilmişdir ki, qeyri-formal işləyənlərin yalnız 14 faizi ödənişli əmək məzuniyyətinə çıxmış (formal işləyənlər üzrə isə 74 faiz), 3 faizi təhlükəli işlərdə işləmişdir (formal sektorda 13 faiz). İş yerini itirmək qayğısı ilə yaşayan işçilərin sayı isə həm qeyri-formal, həm də formal sektorda xeyli yaxın olmuşdur (müvafiq olaraq, 64 və 66 faiz).
Bir neçə il öncə Baltikyanı ölkələrdə bəyan olunmayan biznes gəlirləri, muzdlu işçilər və qeyri-rəsmi əmək haqları üzrə aparılan təhlillər qeyri-formal iqtisadiyyatda məhz sonuncu komponentin daha çox paya malik olmasını aşkar etmişdir (Estoniyada 52,3 faiz, Litvada 42,9 faiz və Latviyada 39,2 faiz). Digər təhlillərə görə, rəsmi iş yerindən qeyri-rəsmi əmək haqqı alan işçilərin sayı Estoniyada 9,6 faiz, Litvada 11,7 faiz, Latviyada 22,5 faiz, Ukraynada 30 faiz, Rusiyada (Moskva üzrə) 60 faiz, Rumıniyada 22 faiz, Çexiyada isə 3 faiz olmuşdur. Araşdırmalar göstərir ki, qeyri-rəsmi əmək haqqı alan hər üç işçidən yalnız biri
bundan məmnundur və adətən, əmək haqqının bu formada verilməsi təşəbbüsü işəgötürənə malikdir. Araşdırmalardan həmçinin bəlli olmuşdur ki, qeyri-rəsmi əmək haqqı ödənişi hallarına daha çox gənc işçilərə münasibətdə, eləcə də əl işinin üstünlük təşkil etdiyi və əmək haqqının aşağı olduğu sahələrdə rast gəlinir. Pensiya yaşına az qalmış, formal təhsil səviyyəsi az olan və yaxud maliyyə çətinliyi yaşayan şəxslərin də qeyri-rəsmi əmək haqqı almaq ehtimalı adətən yuxarı olur.
Qeyri-formal fəaliyyətdən qaynaqlanan əsas problemlər
Qeyri-formal iqtisadiyyat büdcəyə çatası vergi və haqların ödənilməməsi ilə yanaşı, ağuşuna aldığı insanları sosial və əmək hüquqlarından məhrum etmək, iqtisadi inkişafı əngəlləmək, makroiqtisadi göstəriciləri aşağı salmaq və s. bu kimi dərin və çoxşaxəli fəsadlara yol açır. Qeyri-formal sektora, bir qayda olaraq, primitiv texnoloji səviyyə, az kapital tutumluluğu, kredit resurslarına çıxışın olmaması, insan kapitalına aşağı tələblərin mövcudluğu və bu minvalla daha aşağı məhsuldarlıq xasdır. Bütün bunlarla yanaşı, müqavilələrin hüquqi tətbiqi imkanlarının məhdudluğu, ədalətsiz rəqabət, resursların yenidən bölüşdürülməsinin təhrif olunması da qeyri-formal fəaliyyətin başlıca fəsadlarına aid edilir.
Beynəlxalq Əmək Təşkilatının qiymətləndirmələrinə əsasən, qeyri-formal iqtisadiyyat adətən bu sektorda çalışanlara münasibətdə yüksək yoxsulluq səviyyəsi və layiqli əmək şəraitindən ciddi kənarlaşmalarla xarakterizə olunur. Çünki layiqli əmək konsepsiyasına görə işçi üçün nəzərdə tutulan bir çox sosial təminatlar qeyri-formal iqtisadi müstəvidə çalışanlara heç bir formada verilmir. Təşkilatın hesabatında belə bir fikir yer alıb ki, bu fəaliyyətin formal sektora keçməməsi təqdirində, hər kəs üçün layiqli əməyin və cəmiyyətdə bərabərliyin təmin edilməsi illyuziya olaraq qalacaqdır. Qeyri-formal çalışanlar bir sıra amillər üzündən yüksək yoxsulluq və istehsalatda qəza risklərinə məruz qalırlar. Adekvat sosial müdafiə sisteminə və risklərin idarə olunması alətlərinə çıxışın olmaması bu sahədə işləyənləri gəlirləri itirmək və yoxsulluq həddinə düşmək təhlükəsi ilə üz-üzə qoyur.
Bundan əlavə, qeyri-formal sektorda bu tip risk və təhlükə səviyyəsi qadınlar üçün daha yüksəkdir. Risklərin idarəolunması ilə bağlı səmərəli, gender əsaslı siyasətin olmaması şəraitində çalışan kişi və qadınların risklərə məruz qalma səviyyəsi xeyli artmaqla yanaşı, əhalinin digər təbəqələrinə, xüsusilə uşaqlara və qeyri-formal sektordan əldə olunan gəlir hesabına yaşayan digər fərdlərə keçir.
Qeyri-formal iqtisadiyyatın azaldılması perspektivləri
Beynəlxalq müstəvidə əksər ekspertlərin fikirlərinə görə, qeyri-formal fəaliyyətdən formal sektora keçid mürəkkəb prosessdir və çoxşaxəli tənzimləmə məsələlərini əhatə edir. Bu yöndə qəbul edilən qanun və qaydalar qeyri-formal fəaliyyətin müvafiq dövlət orqanlarında qeydiyyatı və lisenziyalaşdırılması yolu ilə formal müstəviyə keçidini, münbit biznes mühitinin yaradılmasını, vergi, sosial sığorta, əmək münasibətləri sahəsində hüquqi çərçivəyə salınaraq əməletmənin təmin olunmasını stimullaşdırmalıdır. Eyni zamanda, qəbul olunmuş praktik yanaşmaya görə, heç də işçilərin və digər iqtisadi agentlərin hamısı qısamüddətli dövrdə bu cür transformasiyaya hazır olmur. Onların bir çoxu üçün ilk növbədə iş və həyat şəraitinin yaxşılaşdırılması və formal sektora tədricən keçməsi nəzərdə tutulmalıdır. Bu yöndə əsas dəstək meydana çıxan maneələrin aradan qaldırılması və formal fəaliyyəti hədəfləyən transformativ proseslərin stimullaşdırılmasına yönəldilməlidir.
Qeyri-formal fenomenin miqyasının və strukturunun müəyyən edilməsi, uçotunun aparılması, bu sahənin xarakterik cəhətlərinin dərindən öyrənilməsi də mühüm önəm kəsb edir. Beynəlxalq Əmək Təşkilatının hesabatına əsasən, əmək bazarı statistikasında və milli hesablar sistemində qeyri-formal sektora, o cümlədən qeyri-formal məşğulluğa dair əhatəli uçot məlumatlarının nəzərə alınması aşağıdakı proseslər üçün məlumat bazalarının xeyli təkmilləşməsinə xidmət edir:
1) makroiqtisadi təhlil və planlaşdırma, siyasətin formalaşdırılması və qiymətləndirilməsi, habelə qeyri-formal sektorun inkişaf prosesinə inteqrasiyası və onun institutlaşdırılması;
2) iqtisadi və sosial inkişaf, o cümlədən iş yerlərinin yaradılması, istehsal, əhalinin gəlirləri, insan kapitalı və maliyyə resurslarının səfərbər edilməsi üçün siyasətin formalaşdırılması və icrası;
3) əsas hədəfi qeyri-formal sektordan formal sektora keçid olan spesifik dəstək və yardım proqramlarının qəbul edilməsi, icrası və monitorinqi.
Qeyd edilənlərdən irəli gələrək, qeyri-formal iqtisadiyyatın aşağı salınması istiqamətində həm iqtisadi, həm də inzibati tədbirlərdən ibarət səmərəli, adekvat, sistemli və ardıcıl qərarlar kompleks təhlil və araşdırmalar nəticəsində qəbul edilməldir. Məhz bu qəbildən olan qərarların qəbulu və icrası qeyri-formal iqtisadiyyatın anlayışına və seqmentləşdirilməsinə yanaşmaların sistemləşdirilməsini, digər tərəfdən isə bu sahənin konkret ölkə şəraitinə adekvat olan konseptual sxeminin cızılmasını, qeyri-formal iqtisadiyyatın, onun ayrılmaz tərkib hissəsi olan qeyri-formal məşğulluğun dərindən araşdırılması, əhatə dairəsinin müəyyənləşdirilməsi, ciddi statistik uçot sisteminin yaradılmasını, o cümlədən onun cins, yaş, regional və s. tərkibinin üzə çıxarılmasını, əsas drayverlərinin aşkarlanmasını və s. bu kimi hədəfləri reallaşdırmaqla qeyd edilən problemin çözülməsinə fundamental töhfə verər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB