Eyyub Hüseynov: “Novruz bayramında bazarda qiymətlərin maksimum 8 %-ə qədər artması gözlənilir” - MÜSAHİBƏ
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun SİA-ya müsahibəsi:
- Ölkə prezidenti İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi qərarı cəmiyyətdə hansı müsbət dəyişikliklərlə özünü göstərməkdədir?
- Azad İstehlakçılar Birliyinin üzvlərindən və rayon təşkilatlarından çoxsaylı telefon zəngləri gəlir. Prezidentin qaldırdığı bu məsələ əhali və istehlakçılar tərəfindən çox yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən hər bir müsbət məsələ istehlakçıların həyatında müsbət təsirini göstərəcək. Cəmiyyətdə müsbət dəyişikliklər gözlənilir və hazırda da bu proses getməkdədir. Bütün Azərbaycan vətəndaşları prezidentin korrupsiyaya qarşı imzaladığı qərarı dəstəkləyir. Biz də ictimai təşkilat olaraq dəstək kampaniyalarını aparırıq.
- Süni qiymət artımı və rüşvətxorluq mövcudluğu iqtisadi inkişafın davamlılığına zərbə vurmur ki?
- Qeyd etdiyimiz kimi korrupsiyaya qarşı mübarizə tədbirləri birbaşa süni qiymət artımı ilə bağlı bir məsələdir. Bu da istehlakçıların həyat şəraitinin pisləşməsinə səbəb olur. Təəssüflər olsun ki, Azərbaycanda da süni qiymət artımı mövcuddur. Prezidentin ifadə etdiyi kimi əslində heç kəs cibindən heç kimə rüşvət vermir. Verilən rüşvətlər malların və xidmətlərin üzərinə oturulur və süni qiymət artımı baş verir. Son nəticədə isə istehlakçılar bu haldan əzab çəkirlər. Başqa sözlə isə istehlakçılar sanki bir alıcı olaraq korrupsiyanın inkişafına kömək edirik. Buna görə də prezident İlham Əliyevin verdiyi göstərişlə qiymətlərin sürətli şəkildə aşağı düşməsi bazara öz təsirini göstərir. Bu da istehlakçıların həyatında müsbət dəyişikliyə gətirib çıxarır. Lakin Azad İstehlakçılar Birliyi də dayanmır. Biz də öz növbəmizdə müəyyən işlər görürük. Məlumdur ki, istənilən xoşniyyətli məram ictimai dəstəyini tapmasa uğurlu olmur. Bizim birlik də bunu nəzərə alaraq beynəlxalq fonda müraciət edib. Artıq fonddan bizə maliyyə dəstəyi də verilib. Aprel ayından başlayaraq qiymətlərin aşağı düşməsi üçün əhalinin maarifləndirilməsi, eləcə də biznes strukturlarının maarifləndirilməsi kampaniyasını aparacağıq. Bukletlər hazırlayıb, dəyirmi masalar təşkil edəcəyik. Məqsədimiz bir il ərzində qiymətləri 6 %-ə qədər aşağı salmaqdır.
- Dünyada ərzaq məhsullarında qıtlığın yaranacağı və qiymət artımında yüksəlmələr olacağı bildirilir. Azərbaycanı da belə bir problem gözləyirmi?
- Bu kontekstdə danışsaq xüsusi ilə də ərzaq mallarının genetik modifikasiya olunmuş malları istehsal edən böyük şirkətlərin ekspertləri ilə mənim çoxsaylı görüşlərim olub. Onlar deyirlər ki, biz bəşəriyyəti ərzaq təhlükəsizliyi ilə təmin edirik. Çünki Yer kürəsinin əkin hissəsi məhduddur. Günəş enerjisi, yəni biosintez müəyyən miqdardadır. İnsanların sayı durmadan artır. Dünyada istər-istəməz ərzaq qıtlığı baş verəcək, çünki insanların sayı gün-gündən artır. Lakin düşünürəm ki, Azərbaycanın çox geniş potensialı var. Ölkəmizdə çoxlu sayda istismar olunmayan əkin sahəsi mövcuddur. Hətta bir neçə min ton istifadə olunmayan gübrələrimiz var. Bununla yanaşı Azərbaycanda süni gübrələrdən istifadəyə ehtiyac duymuram. Çünki biz bir çox monitorinqlər aparmışıq. Hesab edirəm ki, Azərbaycan da ərzaq təhlükəsizliyi ilə bağlı problem yoxdur. Bütün bunlara baxmayaraq, ölkədə ərzaq təhlükəsizliyi proqramı var və bu uğurla həyata keçirilir. Qeyd edim ki, Azərbaycanı belə bir ciddi təhlükə gözləmir.
- Novruz bayramı ilə əlaqədar olaraq bazarda qiymətlər əvvəlki illərlə müqayisədə fərqlər varmı və bu istehlakçıların mənafeyinə nə dərəcədə uyğundur?
- Bayram ərəfəsində bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ərzaq məhsullarına tələb artır. Tələb artıqda da mütləq qiymət artımı baş verir. Bu da bazar iqtisadiyyatının normal bir amildir. Müvəqqəti olaraq belə bir hallar baş verə bilər. Təxmini olaraq bayram zamanı bazarda qiymətlər maksimum 8 %-ə qədər artması gözlənilir. Bayram bitdikdən sonra qiymətlər yenə də sabitləşəcək. Bundan sonra da bazarlara Azərbaycanın mövsümi kənd məhsulları gələcək. Hətta ola bilsin ki, qiymətlərdə də düşmələr olsun. Bu da onunla bağlıdır ki, prezidentin irəli sürdüyü korrupsiyaya qarşı mübarizə qiymətlərin mütləq aşağı düşməsinə səbəb olacaq.
- Yeri gəlmişkən Milli Məclisdə rəqabət məcəlləsi haqqında qanunun qəbul edilməsi bazarda azad rəqabətin formalaşmasına nə dərəcədə təsir göstərəcək?
- Düşünürəm ki, bu qərar öz müsbət təsirini göstərəcək. Çünki cəmiyyətdə iqtisadiyyatda belə nöqsanların kökünü qanunlarda axtarmaq lazımdır. Cəmiyyəti və insanları da təbii ki qanunlar idarə edir. Belə bir məcəllənin qəbul olunması və hüquqi şəkildə qəbul olunması bazarda öz müsbət təsirini qoyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB