Pambıqçılığın inkişafında sahibkarların üzərinə düşən MƏSULİYYƏT ŞƏRH - ÖZƏL
“Azərbaycanda pambıqçılıqla bağlı həyata keçirilən pilot layihələrin məqsədi qabaqcıl təcrübəni ölkəmizdə tətbiq etməkdir. Azərbaycanın çox böyük pambıqçılıq təcrübəsi var. Lakin müəyyən müddət bu sahədə müəyyən boşluqlar yarandığı üçün, biz pambıqçılıq sahəsində inkişaf edənlərin təcrübəsindən istifadə etməliyik”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun sahibkarlıq şöbəsinin müdiri, iqtisad elmləri doktoru professor Tərbiz Əliyev deyib.
O bildirib ki, pambıqçılıqla bağlı məsələlər arasında mütərəqqi texnologiyalara daha böyük meydan verilməlidir: “Ölkəmizdə Çin texnologiyası, o cümlədən türk texnologiyası vasitəsilə pilot layihələr həyata keçiriləcək. Bu layihələr aqro klassterlər vasitəsilə həyata keçirilsə, o zaman daha da müsbət iqtisadi, sosial səmərə ala bilərik. Bu, insanların həm maddi rifah halının yaxşılaşdırılması, əmək haqqının çoxalması, yeni iş yerlərinin artırılmasına daha çox şərait yara bilər”.
T.Əliyev qeyd edib ki, pambıq strateji məhsuldur və onun maddi-texniki bazası tam möhkəmləndirilənə qədər dövlətin dəstəyi birənalıdır: “Lakin pambıqçılığın inkişaf etdirmək üçün fermer təsərrüfatlarının yeniləşdirilməsinə ehtiyac var. Onlar yeniləşməsə, bir yerə toplaşmasa, aqro klassterlər yaradılmasa pambıqçılığın inkişafının sürətini ləngidə bilərik. Regionlarda heç olmasa rayonlararası, daha sonra isə iri rayonlarda klassterlərin yaradılması həm pambıqçılığın əkilməsi, həm becərilməsi, həm də istehsal və satışının idarə edilməsinə çox müsbət təsir göstərə bilər”.
İqtisad elmləri doktoru söyləyib ki, ötən gün ölkə başçısının rəhbərliyi ilə keçirilən müşavirədə Prezdent İlham Əliyevin pambıqçılığın daha da inkişaf etdirilməsi üçün müəyyənləşdirdiyi vəzifələr barədə materiallarda müasir texnologiyaların tətbiqi, emal müəssisələrinin modernləşdirilməsi və yeni müəssisələrin yaradılması, yeni pilot layihələrin işə salınması, pambıqçılığa güzəştli kreditlərin artırılması ilə bağlı tapşırıqları ölkəmizdə aparılan islahatların tərkib hissəsidir.
İnstitutun şöbə müdirinin sözlərinə görə, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət tərəfindən subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsində bəzi icra başçıları səhlənkar fəaliyyəti göstərərək sahibkarlara düzgün çatdırmırlar: “Əgər bu kreditlər vaxtında və düzgün şəkildə sahibkarlara çatdırılsa və həmin sahibkarlar onlara ayrılan maliyyə vəsaitindən qaydası üzrə istifadə etsələr biz pambıqçılığın inkişafında böyük uğurlar əldə edə bilərik. Sahibkarların üzrinə düşən məsuliyyət aqratexniki qaydalara düzgün riayyət etmək, torpaqlardan məqsədli şəkildə istifadə etmək, dövlətin onlara ayırdığı təyinatı düzgün şəkildə xərcləməkdən ibarətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB