İqtisadçı ekspert: “Azərbaycan höküməti tərəfindən görülən işlər göz qabağındadır”

İqtisadçı ekspert: “Azərbaycan höküməti tərəfindən görülən işlər göz qabağındadır”

Azərbaycan höküməti 2005-ci ildən neftdən gələn gəlirlərin istifadəsi baxımından yüksək işlər görüb. SİA-nın xəbərinə görə, bu sözləri iqtisadçı ekspert Hafiz Babalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair hesabatında yer alan iqtisadi göstəricilərə münasibət bildirərkən deyib. O, qeyd edib ki, hesabat dövründə sosial-iqtisadi inkişaf, ekologiya və fövqəladə hallar, institusional, xarici əlaqələr, dövlət təhlükəsizliyi, ictimai asayiş, müdafiə və ordu quruculuğu kimi sahələrdə də müqayisəli şəkildə inkişaf özünü göstərib: " Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində, mühəndis infrastruktur şəbəkəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hər kəs bununla razılaşa bilər. Çünki görülən işlər göz qabağındadır".

 

Bütün müsbət işlərin görülməsinə baxmayaraq müəyyən problemlərin mövcud olduğunu deyən iqtisadçı ekspert vurğulayıb ki, hökümət mövcud olan problemləri görür və onların aradan qaldırılması istiqamətində addımlar atacaq: " Bu əsasən sırf regional problemlərlə bağlıdır. Böyük yollar təmir edilib istifadəyə verilsə də qəsəbə daxili yollar təmir edilmir. Təəssüf ki, bu yolların təmiri üçün rəsmi sənədlər yoxdur. Lakin yenə də hökümətin qabaqlayıcı tədbirləri əsasında 2009-2013 ilin regionların sosial-iqtisadi inkişaf proqramında kəndarası, qəsəbə yollarının da çəkilişi ilə bağlı istiqamət göstərən müddəalar əksini tapıb. Lakin Nəqliyyat Nazirliyi bunu icrası ilə müəyyən ləngimələrə yol verir".

 

Qeyd edək ki, hesabata əsasən 2004-2010-cu illər ərzində Azərbaycanın neft üzrə ümumi daxili məhsulu 2 dəfə, sənaye istehsalı - 2, 8 dəfə, investisiya yatırıcı - 2,9 dəfə, əhalinin əmanəti - 12 dəfə, əhalinin gəliri- 4, 5 dəfə, minimum əməkhaqqı isə 7,1 dəfə artıb. Bu müddət ərzində dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, büdcə xərcləri - 9,5 dəfə, sosial müdafiəyə büdcə xərcləri - 5,3 dəfə, təhsilə - 5 dəfə, müdafiəyə 8, 7 dəfə, dövlət investisiya yatırımına 47,6 dəfə artıb. Eyni zamanda 2004-2010-cu illər ərzində Azərbaycanda 913 min, 2010-cu ildə isə 73 min yeni iş yeri açılıb. Azərbaycanda yoxsulluq dərəcəsi ötən il 9,1 faiz olub. Həmçinin 2010-cu ildə Azərbaycanda 51 mln ton neft və 20, 2 milyard kubmetr qaz hasil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə