Mərkəzi Bankın sədri Elman Rüstəmov Vaşinqtonda bir sıra görüşlər keçirib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Vaşinqtonda bir sıra görüşlər keçirib

Dünya Bankının (DB) Vaşinqtondakı baş ofisində keçirilən "Azərbaycan günləri" çərçivəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının prezidenti Robert Zoellik və Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Oliver Blanşard ilə görüşüb.

Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, E.Rüstəmovun R.Zoelliklə görüşü zamanı DB-ı ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişaf tarixi, bu əməkdaşlıq nəticəsində əldə olunan nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparılmış, ölkə üzrə yeni iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub.

DB-ın ölkədə bazar iqtisadiyyatının qurulması, iqtisadi artım üçün əsasların yaradılması, yoxsulluğun azaldılması və modern infrastrukturun yaradılması, makroiqtisadi idarəetmənin təkmilləşdirilməsi, səhiyyə sistemində islahatlar, maliyyə sektorunun inkişafı istiqamətlərində Azərbaycana dəstək olduğunu vurğulayan E.Rüstəmov bildirmişdir ki, DB-nın iqtisadi islahatların "balanslaşdırılmış" liberal strategiyasının yaradılmasına praqmatik və tarazlaşdırılmış baxışı həmişə inam və maraq doğurub. Görüşdə qeyd olunub ki, DB-nın mövcud portfelinin həcminə görə Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda öndə gedən ölkələrdəndir. Formalaşdırılmış portfel ölkənin dayanıqlı iqtisadi inkişaf və diversifikasiya çağırışlarına adekvatdır.
Görüşdə həmçinin yeni strateji əməkdaşlığın istiqaməti kimi qarşılıqlı intellektual mübadilənin zəruriliyi də qeyd olunub.

Görüş zamanı Azərbaycan və Dünya Bankının birgə həyata keçirdiyi layihələrə də toxunulub. Qeyd edilib ki, hazırda DB-ı yeni layihə - təhsil sahəsində strateji islahatlar layihəsi üzərində fəal işləyir ki, bu da ölkəmiz üçün prioritet sahələrdəndir. "Biz hesab edirik ki, bu layihə təhsilin bütün səviyyələrini əhatə etməli və sistemli xarakter daşımalıdır" - deyə E. Rüstəmov bildirib.

E. Rüstəmovun R.Zoelliklə görüşü zamanı həmçinin Azərbaycandakı biznes mühitinə dair də fikir mübadiləsi aparılıb.

Proqram çərçivəsində Mərkəzi Bankının sədri Elman Rüstəmov BVF-nin baş iqtisadçısı Oliver Blanşard ilə də ikitərəfli görüş keçirib. Görüşdə BVF ilə Azərbaycan arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə predmeti olub. Bununla yanaşı E.Rüstəmov 2010-cu ildə bank sektorunun inkişafı, Mərkəzi Bankın məzənnə siyasətinin orta və uzunmüddətli strategiyası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi üçün görülmüş makroprudensial və nəzarət tədbirləri barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin qlobal iqtisadi şərait və Azərbaycanda artım imkanları, neft ölkələrində makroiqtisadi siyasət qaydaları, postböhran dövründə pul və maliyyə sabitliyi siyasətinin çərçivələri də müzakirə obyekti olub.

O.Blanşard öz növbəsində Azərbaycan günlərinin keçirilməsini ikitərərfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini vurğulayaraq gələcəkdə də bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyini qeyd edib.

Həmçinin "Azərbaycan günləri" çərçivəsində Mərkəzi Bankın sədri DB-nın icraçı direktoru Mişel Mordasini və BVF-nun icraçı direktoru Rene Verber ilə də görüşüb.

Səfər çərçivəsində E. Rüstəmov DB-nın Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar direktoru Teodor Ahlers, eləcə də DB-nın Cənubi Qafqaz regionu üzrə direktoru Əsəd Aləmlə də görüşüb.

Mərkəzi Bankın sədri Elman Rüstəmov səfər çərçivəsində DB və BVF-nın Azərbaycanlı cəmiyyəti və ABŞ-da təhsil alan tələbələrlə də görüşüb. Görüşdə çıxış edən E.Rüstəmov qeyd edib ki, bu gün ölkəmizin ən böyük dəyəri insan resurslarıdır. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda çalışan azərbaycanlıların sayının artması ölkəmizin daha geniş təmsil olunması baxımından çox önəmlidir.

"Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi, dövlət büdcəsində təhsil xərclərinin ilbəil artırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır"- deyə Elman Rüstəmov bildirib.

Elman Rüstəmov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son göstərişlərinə əsasən hökumət ölkədə azad sahibkarlığın inkişafı istiqamətində fəaliyyətin gücləndirilməsinə və ölkədə sözün əsl mənasında fəal intellektual axtarışlara başlanılıb.

Mərkəzi Bankın nümayəndə heyəti, Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevin də iştirak etdiyi görüşün sonunda Elman Rüstəmov iştirakçıların ünvanladığı sualları cavablandırıb və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə