Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günlərinin açılış mərasımi keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dünya Bankının (DB) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 mart 2011-ci il tarixində Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günlərinin açılış mərasimi keçirilib.
Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, açılış mərasimində çıxış edən Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar direktoru Teodor Ahlers bildirib ki, Azərbaycan son illərdə çox sürətli inkişaf yolu keçərək orta gəlirli dövlətlər qrupuna daxil olub. İndi isə Azərbaycan qarşısında yeni perspektivlər və çağırışlar durur: "Biz bu çağırışların düzgün həllində Azərbaycanın yanında olmağa hazırıq və son 18 ildə olduğu kimi bundan sonra da əməkdaşlığımızı artan xətt üzrə inkişaf etdirmək istəyirik. Azərbaycan təbii ehtiyatlarından əldə edilən gəlirlərin düzgün idarəedilməsi üzrə digər ölkələr üçün nümunə olacaq bir təcrübəyə malikdir və bu təcrübənin bölüşdürülməsi önəmlidir".
Dünya Bankı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafında Azərbaycan günlərinin böyük rol oynayacağını qeyd edən Teodor Ahlers bildirib ki, DB əməkdaşlarının Azərbaycanın zəngin mədəniyyət irsi ilə tanışlığı ilə yanaşı keçirilən çoxsaylı ikitərəfli görüşlər əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına kömək edir.
Daha sonra çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Vaşinqton ofisində Azərbaycan günlərinin keçirilməsindən böyük şərəf və qürur hissi duyduğunu bildirərək qeyd edib ki, bu tədbir DB ilə Azərbaycan arasında mövcud olan məhsuldar əməkdaşlıq tarixində əlamətdar hadisədir.
E.Rüstəmov Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik və salamlarını çatdırıb və Dünya Bankının Prezidenti Robert Zoellikə tədbirin təşkilində dəstəyinə görə minnətdarlığını bildirib. "Hesab edirəm ki, tədbirin zəngin proqramı bizim dostlarımız və qonaqlarımızla intellektual dialoq aparmağa, həmçinin Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmağa imkan yaradacaq" - deyə E.Rüstəmov bildirib.
Daha sonra isə Azərbaycanın iqtisadi inkişaf perspektivləri və DB ilə əməkdaşlıq strategiyasına toxunan Mərkəzi Bankın sədri Dünya Bankının dünya iqtisadiyyatındakı önəmli rolunu qeyd edərək bildirib ki, bankın fəaliyyəti postkommunist düşərgəsi üçün strateji önəm daşıyır. O, bildirib ki, məhz iqtisadi transformasiyanın ilk illərində Dünya Bankının fəal dəstəyi keçid iqtisadiyyatına malik ölkələrdə bazar iqtisadiyyatının formalaşdırılması və inkişafı, habelə bazar mentalitetinin dərinləşməsinə kömək edib. 1992-ci ildən bəri DB ilə əməkdaşlıq nəticəsində Azərbaycan bütün istiqamətlərdə strateji dəstək alıb.
E.Rüstəmov istehsalat infrastrukturunun modernləşdirilməsi, kiçik və orta biznes, yoxsulluğun azaldılması proqramı çərçivəsində Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam etdiyini qeyd edib.
Qlobal iqtisadi böhranın dünya qarşısında yeni çağırışlar qoyduğunu deyən Elman Rüstəmov bildirib ki, məhz bu səbəbdən dayanıqlı inkişafın və qloballaşma məsələlərinin idealogiya və yanaşmaları artıq dəyişir. Dünya iqtisadi sisteminin stabil gələcəyi üçün fəal polemika və intellektual axtarışlar aparılır.
Açılış nitqindən sonra E.Rüstəmov tədbir iştirakçılarını Azərbaycan mədəniyyətinin ən yaxşı nümunələri ilə tanış olmağa dəvət edib.
Qeyd edək ki, Azərbaycan günləri çərçivəsində Dünya Bankının binasında Azərbaycan mədəniyyətini təqdim etmək məqsədilə Azərbaycan iqtisadiyyatı, Dünya Bankı ilə əməkdaşlıqla bağlı xüsusi stendlər qurulub, xalçaçılıq və ipək sərgisi, fotoqalereya təşkil olunub, canlı xalça istehsalı və milli geyimlər nümayiş etdirilir. Eyni zamanda DB və BVF əməkdaşlarına Azərbaycan mətbəxini tanıtmaq məqsədilə nahar zamanı klassik Azərbaycan musiqisi müşayiətində milli xörəklər təqdim edilir.Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsi, paytaxt Bakının mənzərələri, eləcə də ölkədəki iqtisadi inkişafı əks etdirən şəkillər və plakatlar da nümayiş etdiriləcək.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və əməkdaşlıq çərçivəsində indiyədək Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən 43 layihə üçün ümumilikdə 2,9 milyard dollar məbləğində vəsait ayrılmışdır. Azərbaycan Türkiyə və Qazaxıstandan sonra Avropa və Mərkəzi Asiya regionunda ən iri kredit portfelinə malik üçüncü ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB