Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Serbiya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycan-Serbiya iş adamları arasında dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan və Serbiya tərəfdən tikinti, kənd təsərrüfatı və qida sənayesi, maşinqayırma, enerji, səhiyyə, logostika, turizm və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.
AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın iqtisadi imkanlarına dair təqdimatla çıxış edib, ölkəmizin biznes və investisiya imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. A.Məmmədov bildirib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 96,8 milyard dollar investisiya qoyulub, bunun 52 milyard dolları xarici investorların payına düşür. Xarici investisiyaların 36 faizinin birbaşa olduğunu deyən AZPROMO prezidenti qeyd edib ki, bu ölkədəki əlverişli investisiya mühitindən xəbər verir. Azərbaycanda siyasi və iqtisadi sabitlik olduğunu söyləyən A.Məmmədov bildirib ki, bu baxımdan ölkə xarici investorlar üçün cəlbedicidir.
Serbiya-Azərbaycan Ticarət Palatasının prezidenti Mirko Baraç iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib. O, bildirib ki, ikitərəfli əlaqələrin inkişafında işgüzar görüşlərin əhəmiyyəti böyükdür.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib. Görüşdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB