"Qısa zamanda real sektora daha çox bank kreditləri yönəldiləcək" EKSPERT RƏYİ-ÖZƏL

"Qısa zamanda real sektora daha çox bank kreditləri yönəldiləcək" EKSPERT RƏYİ-ÖZƏL

“Prezident İlham Əliyevin yanında keçirilən son iqtisadi müşavirədə qeyd olunan məslələrdən biri bankların istehlak kreditləşməsinə daha çox üstünlük verməsi ilə bağlı idi ki, müşavirədən qısa müddət sonra Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər etdi. Bu qaydaların təsdiqində məqsəd real sektora daha çox kredit ayrılmasına nail olmaqdır”. Bu fikirləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, edilən dəyişikliklərə əsasən artıq kiçik və orta sahibkarlara və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb.

Onun sözlərinə görə, risk dərəcələrinin azaldılması banklara onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsini daha maraqlı edir: “Dəyişikliklərdə, həmçinin, məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də öz əksini tapıb. Belə ki, qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilir”.

V. Bayramov vurğulayıb ki, tənzimləmənin bu formatda təşkili, banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin veriləməsinin cəlbediciliyini azaldacaq: “Nəticədə, istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanmasını məhdudlaşacaq. Bu isə bankları real sektoru maliyyələşdirməkdə daha maraqlı edə bilər. Qaydalarda requlyativ çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dəyişikliklər də yer alıb. Belə ki, kredit riskləri üzrə BASEL II Yeni Standart Yanaşmaya tam keçiləcək , o cümlədən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqlər əsaslı suveren və korporativ qiymətli kağızların risk dərəcələri üzrə təsnifləşdiriləcək. Bununla yanaşı, Bazel II və III nəsil prinsiplərinin tətbiqi məqsədilə Qaydalara bazar və əməliyyat risklərinə qarşı kapital buferi formalaşdırılması tələbi əlavə edilib. Bu cür tələblərin gətirilməsi prudensial tənzimləmənin beynəlxalq səviyyəyə qaldırılması, bank sektorunun kredit risklərindən əlavə bazar və əməliyyat risklərinə qarşı da dayanıqlığının artırmağa xidmət edir”.

İqtisadçı qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Prezidentin tapşırığından qısa müddət sonra yeni qaydalar təsdiq etməsi təqdirəlayiqdir: “Ümid edək ki, qısa zamanda real sektora daha çox bank kreditlərinin yönəldilməsini müşahidə edə biləcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə