"Yaşıl Çay" fermer təsərrüfatının yeni çayı - "MONTEREY"

"Yaşıl Çay" fermer təsərrüfatının yeni çayı - "MONTEREY"

"Yaşıl Çay" fermer təsərrüfatının şöhrəti ölkə sərhədlərini aşıb, hətta okeanın o tayına - Amerika Birləşmiş Ştatlarına çatıb. Bu yaxınlarda ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl Çay" fermer təsərrüfatının plantasiyalarında yetişdirilmiş çayın yeni brendinin təqdimat mərasimi olub. Təsərrüfatın rəhbəri Araz Yağubovun SİA-nın əməkdaşına verdiyi məlumata görə, yeni çay brendinə "Monterey" adının verilməsinin maraqlı tarixçəsi var.

"Monterey və Lənkəran şəhərləri 2011-ci ildə qardaşlaşıblar. Ötən dövr ərzində iki şəhər arasında səfər mübadilələri, həmçinin Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə Monterey şəhərində Azərbaycanın təbliği və Azərbaycan həqiqətlərinin şəhər ictimaiyyətinə çatdırılması istiqamətində siyasi, iqtisadi və mədəni xarakterli müxtəlif tədbirlər həyata keçirilib, şəhərdəki Azərbaycan dostlarının sayı artıb. Bilirsiniz ki, ermənilərin ən böyük icması Kaliforniya ştatındadır. Azərbaycan əlehinə aparılan əks-təbliğatda bu ştatdakı ermənilərin və bu ştatdan seçilən konqresmen və senatorların payı daha çoxdur. Qondarma "soyqırımı" və ölkəmizin əlehinə yönəlmiş əksər aksiyalar da bu ştatda keçirilir. Heç təsadüfi deyil ki, Azərbaycanın vətənsevər insanları da məhz Azərbaycanın haqq işinin, həqiqətlərinin amerikalılara çatdırılmasında bu ştatı seçir, tədbirlər keçirir, təbliğat işi aparırlar. Bir neçə ildir ki, Kaliforniya ştatında erməni lobbisinin təşkil etdiyi aksiyalara cavab olaraq Monterey şəhərində Azərbaycanı dəstək tədbirləri keçirilir. Monterey-Lənkəran Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfricin rəhbərliyi ilə çox maraqlı aksiya keçirilib. "Qarabağ Azərbaycanındır" sözləri yazılmış poster helikopterlə bütün gün ərzində şəhərin üzərində gəzdirilmişdir. Məhz Azərbaycana verdikləri bu dəstəyə görə Lənkəranla qardaşlaşmış Monterey şəhərinin şərəfinə "Monterey" adlı çay istehsal etmişik", - deyə A.Yağubov bildirib.

Qeyd edək ki, ABŞ-ın tərkibinə daxil edilənədək Kaliforniyanın XIX əsrin birinci yarısında paytaxtı olmuş, Sakit Okean sahilində yerləşən qədim Monterey şəhəri Kaliforniyada bir çox “ilk”lərin, o cümlədən ilk qəzetin, teatrın, çap evinin, kitabxananın və dövlət məktəbinin vətənidir. Hazırda 30 minə yaxın əhalisi olan və Kaliforniyanın ictimai, siyasi və mədəni həyatında önəmli rol oynayan şəhər xüsusilə hərbi dənizçilik və xarici dillərin tədrisi sahələrində ixtisaslaşmış mühüm təhsil ocaqları ilə də məşhurdur. Bunların sırasında ABŞ Müdafiə Nazirliyinin Xarici Dillər İnstitutunu və ABŞ Dəniz Donanmasına məxsus olan Ali Dənizçilik Məktəbini qeyd etmək olar.

Monterey-Lənkəran Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfric oktyabrın 8-də Lənkərana səfərə gəlib. Hörmətli qonağı öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı İcra başçısı ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərinin inkişafından razı qaldığını bildirib. Sonra qonaq Lənkəran şəhəri ilə bir daha tanış olub, Heydər Əliyev Xatirə Parkına, Heydər Əliyev Muzeyinə, Dövlət Bayrağı Meydanına, Həzi Aslanov parkına, qəhrəmanın ev-müzeyinə, Azərbaycanlıların Soyqırımı abidə-kompleksinə baş çəkib. Oktyabrın 10-da isə Montereyli qonaq “Yaşıl çay” fermer təsərrüfatının plantasiyalaqrında iş prosesi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə