Mərkəzi Bankın idarə heyətinin növbəti iclası keçirilıb

Mərkəzi Bankın idarə heyətinin növbəti iclası keçirilıb

Mərkəzi Bank öz fəaliyyətinin bəyan olunmuş istiqamətlərinə uyğun olaraq qiymət sabitliyinin qorunmasına yönəlmiş məqsədyönlü tədbirləri davam etdirir.

Mərkəzi Bankdan SİA-ya bildiriblər ki, son aylar dünya əmtəə bazarlarında ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi müşahidə olunur. Dünya iqtisadiyyatında inflyasiyanın artması meylləri güclənir.

Ölkənin valyuta gəlirlərinin əhəmiyyətli çoxalması, tədiyə balansında iri həcmli profisit nəticəsində pul kütləsinin artım mənbələrinin genişlənməsi, habelə qeyri-neft sektorunda iqtisadi artımın davam etməsi əmtəə və xidmət bazarlarında tələbin yüksəlməsini şərtləndirir. Bu şəraitdə inflyasiya amillərinə nəzarətin gücləndirilməsi və onların preventiv rejimdə tənzimlənməsinin aktuallığı artır.

Martın 1-dən Mərkəzi Bankın idarə heyəti uçot dərəcəsinin 3 faizdən 5 faizə qaldırılması barədə qərar qəbul edib. Bu qərar, eyni zamanda, maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına yönəlib.

Pul kütləsinin artım templərinin tənzimlənməsi məqsədilə bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat normasının 0,5 faizindən 2 faizə qaldırılması barədə də qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə