Mərkəzi Bank “Birlikbank”ın bağlanmasının səbəblərini açıqlayıb
Mərkəzi Bank son vaxtlar "Birlikbank" ASC-nin bank lisenziyasının ləğv edilməsinə dair mətbuatdan daxil olan sorğulara cavab olaraq açıqlama yayıb. Bankdan SİA-ya daxil olan məlumatda deyilir ki, "Birlikbank" ASC cari fəaliyyətini prudensial və etibarlı qaydada həyata keçirməyib, bu da bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub. Bankda yaranmış vəziyyət, eləcə də qanunvericiliyin və müxtəlif normativ aktlarının tələblərinin pozulması ilə əlaqədar Mərkəzi Bankın banka rəsmi xəbərdarlıqlar etməsinə baxmayaraq, maliyyə vəziyyətinin yaxşılaşdırılması və institusional inkişafın təmin olunması istiqamətində göstərişlərə əməl edilməyib və nəticədə bank ödəniş qabiliyyətini itirib.
Məlumatda deyilir ki, bank sektoru və dövlət orqanları qarşısında vaxtı keçmiş öhdəliklərini yerinə yetirə bilməməsi, habelə aktivlərin keyfiyyətinin və onların idarəetmə səviyyəsinin məqbul səviyyədə olmaması, AMB-nin qanunvericiliyə uyğun olaraq verdiyi yazılı göstərişlərə riayət etməməsi ilə əlaqədar Mərkəzi Bankın İdarə Heyətinin 24 yanvar 2011-ci il tarixli qərarı ilə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununu əsasında bankın lisenziyası ləğv edilib.
Belə ki, İdarə Heyətinin qərarıyla "Birlikbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilib və qanunvericiliyə uyğun olaraq növbəti hüquqi prosedurlar həyata keçirilir. Müvəqqəti inzibatçı bankın yerləşdiyi müvafiq ünvanda fəaliyyət göstərir (Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23).
Qeyd edək ki, 28 fevral 2011-ci il tarixinə respublikada 44 bank fəaliyyət göstərir ki, onlardan 1-i dövlət, 43-ü isə kommersiya bankıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB