Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib

Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-Macarıstan işgüzar görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan tərəfdən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədov və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin nümayəndələri, Macarıstan tərəfdən isə milli iqtisadiyyat nazirinin müavini Peter Olajos və ölkənin bir sıra şirkətlərinin nümayəndələri iştirak edib.

 

Tədbiri açan N.Səfərov xarici ölkələrlə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın diqqət mərkəzində olduğunu bildirib. Azərbaycan-Macarıstan işgüzar görüşünün də ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratdığını deyən nazir müavini iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün kifayət qədər potensial olduğunu ifadə edib. İki ölkə arasında mövcud ticarət dövriyyəsinin çox kiçik rəqəmlərlə ifadə olunduğunu söyləyən N.Səfərov hökumətlərarası komissiyanın ilk iclasının 2010-cu ildə keçirildiyini və bu iclasda iki ölkə arasında iqtisadi əlaqələri daha da irəli aparmaq üçün zəruri addımların atılmasını nəzərdə tutulduğunu vurğulayıb.

 

Nazir müavini son illərdə Azərbaycanın bütün sahələrdə böyük irəliləyişə nail olduğunu diqqətə çatdırıb: "Dövlət başçısının həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə uğurlar əldə olunub. 2010-cu ildə Ümumi Daxili Məhsulun artımı 5 faiz olub, ölkənin valyuta ehtiyatları 29 milyard dolları keçib, yoxsulluğun səviyyəsi 9,1 faizə endirilib".

 

Macarıstan nümayəndə heyətinin başçısı R.Olajos çıxışında bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün lazım olan bütün hüquqi sənədlər qəbul olunub. Azərbaycandan fərqli olaraq Macarıstanın neft-qaz ehtiyatlarından məhrum olduğunu deyən P.Olajos ölkəsinin ehtiyacı olan neftin hamısını, təbii qazın isə 80 faizini idxal etdiyini dilə gətirib. Neftin, həm də təbii qazın bütünlüklə Rusiyadan idxal edildiyini söyləyən qonaq enerji xətlərinin difersikasiyasına üstünlük verdiyini, buna görə də Avropanın təbii qazla təminatında mühüm rol oynaya biləcək "Nabucco" layihəsini dəstəklədiyini qeyd edib. O, qeyd edib ki, Macarıstan Azərbaycanın Qərbə açılan qapısı olması üçün əlindən gələni edəcək.

 

AZPROMO prezidenti A.Məmmədov bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi çox aşağı olduğundan konkret rəqəmlər səsləndirmək də çətindir. Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycanın bu sınaqdan uğurla çıxdığını deyən A.Məmmədov ölkənin neft tarixindən danışıb. O, dünyada ilk dəfə Azərbaycanda sənaye üsulu ilə neft çıxarıldığını, eyni üsulun yalnız 10 il sonra ABŞ-da tətbiq edildiyini diqqətə çatdırıb. AZPROMO prezidenti son illər Azərbaycanda sahibkarlığın inkişafı üçün ciddi tədbirlərin görüldüyünü, sahibkarların "vahid pəncərə" sistemindən istifadə etməklə asanlıqla hüquqi şəxs olduğunu vurğulayıb.

 

Tədbir fasilədən sonra ikitərəfli görüşlərlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə