Qubad İbadoğlu: “Neftin qiymətinin artması beynəlxalq səviyyədə inflyasiya yaradan amildir”
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Nobuo Tanaka neft qiymətlərinin indiki səviyyədə qalacağı halda dünyanın 2008-ci ildəki maliyyə böhranına qayıdacağı xəbərdarlığını edib. O, neft qiymətinin 100 dollar ətrafında dövr etməsinin qlobal iqtisadiyyat üçün çox pis olduğunu, xüsusilə Hindistan və Çin kimi inkişaf etməkdə olan ölkələrə ciddi problem yaradacağını ifadə edib. Agentliyin rəhbəri Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) hərəkətə keçməsinin lazım olduğunu söyləyib.
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) sədri Qubad İbadoğlu qeyd edib ki, neft qiymətinin artması maliyyə bazarlarında müəyyən təsirlər yaradır. SİA-ya açıqlamasında iqtisadçı ekspert ABŞ dolları, eyni zamanda dünyanın aparıcı valyutaları və səhmlərinin də neft qiymətinin artması və azalması nəticəsində dəyişdiyini bildirib. Neft qiymətinin artmasının həm də beynəlxalq səviyyədə inflyasiyanı yaradan amil kimi çıxış etdiyini vurğulayan Q.İbadoğlu qeyd edib ki, bu da son nəticədə ərzaq qiymətinin qalxmasına səbəb olur.
İTM sədri Yaxın Şərq və Şimali Afrikada baş verən proseslərin də neftin qiymətinə təsir göstərdiyini deyib. Q.İbadoğlu hesab edir ki, neftin qiymətinin artması neft hasilatçısı olan ölkələrin istehlak etdiyi ərzağın qiymətinin artmasını da şərtləndirir: "Qiymətlərin artmasından əldə olunan gəlir daha çox hökumətlərə şamil olunur. Bunun ziyanını daha çox vətəndaşlar çəkir. Belə ki, istehlak qiymətlərinin artması son nəticədə ailə büdcəsinə də təsir göstərir. Bu da müəyyən sosial narazılıqlara əsas yaradır. Hesab edirəm ki, Yaxın Şərqdəki proseslər davam edərsə, bu neftin qiymətinə də təsirsiz ötüşməyəcək".
İndiki halda neft hasil edən ölkələrə sərfəli olan qiymətə gəlincə, iqtisadçı ekspert qeyd edib ki, bununla bağlı da müxtəlif yanaşmalar var: "Təbii ki, neft ölkələri qiymətlərin daha da artmasına tərəfdardır. Qiymət baxımından həm istehsalçıları, həm də istehlakçıları qane edən bir səviyyə var. Beynəlxalq analitiklərin hesablamalarına görə, bu səviyyə 70-80 dollar arasında dəyişir".
Bütün xəbərlər Facebook səhifəmizdə