“Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycanın regionda mövqelərini möhkəmləndirir ANALİTİKA
Azərbaycanın tranzit ölkə statusunu daha da möhkəmləndirən növbəti qlobal layihənin – “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də öz strateji mühümlüyü ilə bütün dünyanın diqqəti mərkəzindədir. Məhz burada Azərbaycanın yeri və rolunun bir sıra vacib məqamlara söykənməsi danılmaz reallıqdır. Belə ki, Azərbaycan Avrasiya materikində strateji nəqliyyat-kommunikasiya potensialını gücləndirməklə yanaşı, qitələrarası iqtisadi əlaqələrin daha da genişləndirilməsində öz töhfələrini artırmaqda, genişləndirməkdədir.
Azərbaycanın tranzit ölkə kimi geosiyasi çəkisini artırmaqda davam edir
“Asiya ilə Avropa arasında ən qısa yol bu gün Azərbaycandan keçir” – Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulamışdır. Belə ki, son illər ərzində Azərbaycanın yol-nəqliyyat infrastrukturunun inkişafına yatırılmış böyük sərmayələr ölkəmizi iki mühüm qitə arasında strateji tranzit dəhlizlərinin yaradılmasına gətirib çıxarıb ki, bu da ölkəmizi mühüm nəqliyyat qovşağına çevirib, əhəmiyyətini daha da artırıb. Xüsusilə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi geosiyasi çəkisini artırmaqda davam edir.
Onu da xatırladaq ki, ölkələr arasında “Şimal-Cənub” dəhlizi razılaşması bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən logistika infrastrukturuna və vasitələrinə aiddir. Bu mənada, daha öncələr verilmiş proqnozlar da özünü kifayət qədər doğrultmaqda, Azərbaycanın istər regionda, istərsə də dünyadakı mövqeyini bürün perspektivləri ilə artırmaqdadır.
Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə münbit şərait yaranıb
Digər tərəfdən, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Qərbi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə də münbit şərait yaradır ki, artıq bu istiqamətdə bir sıra növbəti layihələr, planlar işlənib-hazırlanmaqdadır. Daha dəqiq desək, həmin dəhliz Avropa – Cənubi Asiya – Yaxın Şərq arasında dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalardan əldə etdiyi gəlirləri artırmağa imkan yaratmaqdadır.
Onu da xatırlatmaq vacibdir ki, Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulmasına, Ulu Öndər Heydər Əliyev razılıq vermişdi. Məhz Onun razılığından sonra bu istiqamətdə bir sıra mühüm işlər görülməyə başlanmışdı. Aparılan məhsuldar görüş və müzakirələrin nəticəsidir ki, artıq Azərbaycan dövləti bu möhtəşəm layihədə söz sahibinə çevrilib.
Politoloqların, iqtisadi ekspertlərin yekdil fikrinə görə, belə strateji təşəbbüsləri irəli sürməklə Azərbaycan qlobal müstəvidə yerini və rolunu müəyyənləşdirməklə yanaşı, həm də potensialını nümayiş etdirir, eləcə də mühüm regionda aparıcı aktorlardan biri olduğunu təsdiqləyir.
Dəhliz, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir, işğalçı ölkənin regionun tranzit dalanında boğulmasına şərait yaradır
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi reallıqdır və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Dəhliz, eyni zamanda, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir, işğalçı ölkənin regionun tranzit dalanında boğulmasına şərait yaradır. Rəsmi İrəvan uzun illər idi ki, İranla Rusiya arasında birləşdirici halqa olmaq istəyini hər fürsətdə gündəmə gətirirdi. Lakin iqtisadi problemlərin əhatəsində itib-batan, qonşular ilə münasibətləri olmayan Ermənistanın bütün cəhdləri uğursuzluqla nəticələndi. İndi işğalçı ölkə respublikamızın tranzit potensialının hər keçən gün artdığını müşahidə etməklə, çarəsiz şəkildə iqtisadi məğlubiyyətini gözə almaqdadır.
Azərbaycandan keçən bu yol milyonlarla ton əlavə yükün ərazimizdən daşınması deməkdir
Hələ illər öncə, “Şimal-Cənub” dəhlizinin Azərbaycana çox böyük iqtisadi mənfəət gətirəcəyini bildirən Prezident İlham Əliyev vurğulamışdı ki, Azərbaycandan keçən bu yol milyonlarla ton əlavə yükün ərazimizdən daşınması deməkdir. Bunun həm siyasi, həm iqtisadi gəlirlər gətirəcəyi isə şübhə doğurmur. Artıq Azərbaycanın bu dəhliz vasitəsi ilə təməlli iqtisadi gücə ççeçvrilməsi də danılmaz faktıdr. Misal üçün, hesablamara görə, 2020-ci ilə Azərbaycanın tranzit potensialı 600-700 milyon dollara və ya 300 min konteynerə çatacaq. Bu göstəriciyə də məhz sadalanan tranzit dəhlizlərinin fəaliyyətə başlaması sayəsində mümkün olacaq.
Beləliklə, bu gün Azərbaycanın strateji əhəmiyyətli dəhlizlərin işlək vəziyyətə gətirilməsində oynadığı mühüm rol yüksək qiymətləndirilir.
Ölkəmizin geosiyasi və geoiqtisadi nüfuzu daha da artmaqdadır
Şimal-Qərbi Avropa, Xəzər hövzəsi və Körfəz, Mərkəzi və Cənub Şərqi Asiya dövlətlərini nəqliyyat vasitəsilə birləşdirən gerçəklik kimi dəyərləndirilən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istismara verilməsindən sonra ölkəmizin geosiyasi və geoiqtisadi nüfuzu daha da artmaqdadır. Ona görə ki, dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən bu dəhliz çoxfunksiyalıdır və onun strukturuna avtomobil, habelə dəniz yollarının da daxil olması layihəyə əlavə üstünlüklər verir.
Bütün bunların da Azərbaycandan keçməklə reallaşması və yüklərin tranzit keçidini təmin etməsi ölkəmizin aparıcı rolunu gücləndirir, dövlət büdcəsinə tranzit gəlirlərinin daxil olması ilə yanaşı, iqtisadiyyatın qeyri-neft sektoru daha da inkişaf edir, bunun da əhalinin məşğulluğunu təmin etməklə həyat şəraitinin, sosial-məişət həyatının yüksəlməsi üçün növbəti imkanlar açılır.
Azərbaycan regionda və dünya miqyasında logistika və tranzit mərkəzinə çevrilib
O da sirr deyil ki, hazırda dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişaf etdirilməsini tələb edir. Prezident İlham Əliyevin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırmasının əsasında dayanan amil ondan ibarətdir ki, Azərbaycan regionda və dünya miqyasında logistika və tranzit mərkəzinə çevrilsin. Artıq bu məsələ də öz həllini tapıb və daha da inkişaf etdirilməkdədir. Həmçinin, bu faktor dövlət büdcəsinə əlavə vəsait gəlməsi ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdırır, ölkənin ixrac potensialını artırır. Beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında Azərbaycanın əhəmiyyətli rol oynaması onun qlobal iqtisadiyyata daha səmərəli inteqrasiyasına, qeyri-neft sektorunun inkişafına, modernləşməyə, iqtisadi islahatların sürətlənməsinə də kifayət qədər stimul verir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB