2011-ci il tikinti materialları bazarının proqnozları

2011-ci il tikinti materialları bazarının proqnozları

2010-cu il ərzində "Əmlak Bazarı iştirakçıları" İB monitorinq qrupunun tikintinin əsas çəkisini təşkil edən 38 adda 88 növdə materialın qiymət araşdırmasını apardığı monitorinqin nəticələrinə görə bu il ölkə üzrə tikinti mаtеriаllаrı bаzаrlarındа bəzi tikinti materiallarının qiymətlərində xaotik dəyişkənliklərlə yadda qaldı. Ümumilikdə tendenisyaya gəldikdə isə 2009-cu ilin sentyabr ayında baş verən kəskin qiymət artımı 2010-cu ilin mart ayınadək tədricən düşməyə başladı.

"Əmlak Bazarı iştirakçıları" İB-dən SİA-ya verilən xəbərə görə, mövsümə uyğun olaraq aktivliyin artması mart ayından I yarımilliyin sonunadək davam etdi. Tikinti materialları bazarında yay aylarında müşahidə edilən passivlik nisbi qiymət azalması ilə nəticələnsə də avqust ayında yenidən qiymət artımları baş verdi və 2010-cu ilin II yarımilliyi demək olar ki, nisbi dəyişikliklərlə, ümumilikdə isə stabil olaraq başa çatdı. İl boyu fərdi tikinti ilə məşğul olan müştərilərin və dövlət əhəmiyyətli layihələrin hesabına tikinti sektorunda cüzi aktivlik hiss olunsa da 2006-2007-ci illərdəki canlanma müşahidə edilmədi. Təbii ki, bunu həm ölkə üzrə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan tikinti şirkətlərinin 4-5 il əvvəlki dövrlə müqayisədə azalması, həm də qiymət artımı ilə əlaqəndirmək mümkündür.

Nəticədə il ərzində bаzаrdа fоrmаlаşаn оrtа qiymətlərin dəyişməsi ötən 2009-cu illə müqayisədə 36,6% artımla yadda qaldı. Bazarda orta qiymətlər əgər ilin I yarısında 14,4%-ə qədər artmışdırsa, bu göstərici ilin II yarısında 22,2% səviyyəsinə qalxdı.

Qiymət indeksi 2009-cu ilin orta qiymət göstərici olan 109,7 bəndinə qarşı 2010-cu ildə 149,7 bəndinədək yüksələrək 156,1 səviyyəsində qərarlaşdı.

Yerli istehsal bazarı…
2010-cu il ərzində arаşdırılаn məhsullаr üzrə rеspublikаmızdа istеhsаl оlunаn mаllаrın ümumi həcmdə pаyı orta göstərici ilə 76,5 % təşkil еdib. Qiymət fərqinə gəldikdə isə il ərzində daxili və xarici istehsal materiallarında bu göstərici müxtəlif templə dəyişib. Belə ki, xaricdən gətirilən tikinti materiallarına orta qiymət artımı 16,7% olduğu halda, ölkədaxili istehsalı olan tikinti materiallarına qiymət artımı il ərzində 19,9% təşkil edib. İlboyu davamlı aparılan müşahidələr göstərdi ki, idxal məhsullarında olan qiymət artımı idxal ölkələrində baş verən proseslərlə (meşə yanğınları nəticəsində yaranan qıtlıq, vaqon qıtlığı, inflyasiya və s.) birbaşa əlaqəli olsa da daxili istehsal məhsullarına qiymət artımının yüksək olması ölkədaxili inflyasiya və maya dəyərini təşkil edən xərc maddələrinin artması ilə əlaqədar olub.

Aktivlik
Tikinti materialları bazarının aktivliyi 2009-cu il ilə müqayisədə 7,6% aşağı olmuş və bu göstəricinin əksər hissəsi əsasən ilin II rübündə müşahidə edilib. Açıq bazarlarda satış obyektlərinin sayında 7,9% artım olsa da ilin sonuna doğru onların satış portfelində payları azalmış və bu azalma həm iştirakçıların saylarının azalması, həmçinin ümumən satış portfelinin özünün azalması ilə bağlı olub
.

İlin son ayının təhlili

2010-cu ilin dekabr ayı istər aktivlik, istərsə də qeyd etdiyimiz qiymət baxımından passivliklə müşahidə olunmudşur. Noyabr ayı ilə müqayisədə qiymət artımı 0,3 % artım qeydə alınmışdır. Qiymət fərqi rübün əvvəlinə nisbətdə 1,1%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 23,4 % artımla yadda qalıb.

2011-ci ilin proqnozları..

2011-ci ilin tikinti materialları bazarında qiymətlərin hansı dinamika ilə müşahidə ediləcəyini proqnozlaşdırarkən bunun bir neçə amillə əlaqədar olduğunu qeyd etməliyik:

1. Dünya bazarlarında enerji daşıyıcılarının davamlı olaraq qiymət dinamikasının müsbətə doğru dəyişməsi;

2. Manatın, beynəlxalq valyuta məzənnələrinə nisbətdə möhkəmlənməsi tendensiyasının dərinləşməsi;

3. İstehsalçı ölkələr üzrə iqtisadi böhranın təsirlərinin azalması;

4. Tikinti tempinin tədricən artması və daşınmaz əmlak bazarına yönəldilən investisiyaların həcminin artımı, o cümlədən bu istiqamətdə (şəhərsalma və infrastruktur) inzibati qərarların qəbulu;

5. Yerli istehsalın artımı, alternativ tiknti materiallarının idxal məhsullarını bazarda sıxışdırması tendensiyasının bazar şərtlərinə adekvat dəyişməsi;

6. Mövsümi faktorların daşınmaz əmlak bazarına təsiri nəticəsində dinamikanın dəyişməsi və daxili indekatorların formalaşması;

Bu proseslərin bazara təsiri nəticəsində tələbin nisbi artımı və buna müvafiq olaraq qiymət dinamikasının da nisbi artımı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə