Mərkəzi Bankda “Stress testləşdirmə” və “Kredit portfelinin idarə olunması” mövzularında treninqlər keçirilir

Mərkəzi Bankda “Stress testləşdirmə” və “Kredit portfelinin idarə olunması” mövzularında treninqlər keçirilir

Azərbaycan Respublikasının Mərkəzi Bankı banklarda kredit portfelinin idarə olunması, risk idarəetmə potensialının gücləndirilməsi və stress testləşdirmənin təkmilləşdirilməsi üzrə işlərini davam etdirir. Mərkəzi Bankın Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) ilə birgə SECO təşkilatının dəstəyi ilə "Stress testləşdirmə" və "Kredit portfelinin idarə olunması" mövzularında treninqlər təşkil edib.

Treninqlər nüfuzlu beynəlxalq təhsil ocaqlarından olan Vaterloo Universitetinin təcrübəli professoru Tomas Koulman və fəlsəfə doktoru Deyvid Saunders tərəfindən ingilis dilində aparılır.

"Stress testləşdirmə" mövzusundakı treninq 21-22 fevral, "Kredit portfelinin idarə olunması" mövzusundakı treninq isə 24-25 fevral tarixlərində keçiriləcəkdir. Treninqlərdə stress-testlərin mahiyyəti və stress-testin aparılması metodologiyası, kredit portfelinin idarə olunması məsələləri geniş müzakirə olunacaq, nəzəri biliklər ilə yanaşı praktiki alətlər təqdim olunacaqdır. Treninqlərin stress testləşdirmə və kredit portfelinin idarə olunması üzrə iştirakçıların biliklərinin təkmilləşməsinə xidmət edəcəyi gözlənilir.

Treninqdə AMB və kommersiya banklarının müvafiq sahədə çalışan əməkdaşları iştirak edirlər. Treninqlərin sonunda iştirakçılara AMB-nin, ABTM-nin və Vaterloo Universitetinin birgə sertifikatı təqdim olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə