ABŞ-da bank sahəsini tənzimləyən xidmətlər Corciya ştatında iki kiçik bankı bağlayıblar. Beləliklə, 2011-ci ildə bağlanmış Amerika banklarının ümumi sayı 20-yə çatıb.
SİA-nın xəbərinə görə, depozitlərin sığortalanması üzrə ABŞ Federal Komissiyası (FRS) Klarkesvill şəhərindəki "Habersham Bank" və Sprinqfild şəhərindəki "Citizens Bank of Effingham" banklarını nəzarətə götürüb. Bu banklardan birincisinin aktivləri 387,6 milyon dollar, ikincisinin aktivləri isə 241,3 milyon dollardır.
ABŞ tənzimləyiciləri bu ilin əvvəlindən bəri Corciya ştatında altı bankı bağlayıblar.
Xatırladaq ki, 2010-cu ildə ABŞ-da 157 kredit təşkilatı bağlanıb.
Resessiyanın ikinci dalğasından ehtiyat edən FRS fevral ayında bəyan edib ki, Amerikanın ən iri banklarının xüsusi kapitalının kafi miqdarda olmasını yəqin etmək üçün onlar yenidən stress-test yoxlamasından keçməli olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə