Aqrar sahənin uğurları Azərbaycanın dinamik inkişafının nəticəsidir
Prezident İlham Əliyev: "Yaxın illərdə biz özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edəcəyik"
Bəli, bu gün kənd təsərrüfatı sahəsində əldə olununa nailiyyətlər bunu bir daha sübut edir ki, dövlət tərəfindən göstərilən diqqət və qayğı öz müsbət nəticəsini verib. Xüsusilə, həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də, bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olub.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əhalinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin daha da inkişaf etdirilməsi və daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, son illər kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilmişdir.
Qeyd etmək kifayətdir ki, artıq uzun illər ərzində Azərbaycanda fermerlərə güzəştli kreditlər ayrılır, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilən texnikalar əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir. Bundan əlavə, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olunmaqla, bütün digər vergilərdən azaddırlar. Dövlət başçımızın təbirincə desək, dünyada ikinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, aqrar sahədə sahibkarlıq hissinin gücləndirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır. Hətta yaxın illərdə, Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi də, başlıca hədəf olaraq seçilmişdir. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə hər cür imkan, ən başlıcası isə, dövlət dəstəyi mövcuddur.
Son 15 ildə kənd təsərrüfatı: reallıqlar və uğurlu nəticələr
Ölkə Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı haqqında demişdir: "Kənd təsərrüfatının inkişafı ilə bağıl görülən tədbirlər öz bəhrəsini verir. Əminəm ki, biz növbəti illərdə çalışıb, bu dinamikanı saxlamalıyıq. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün əsas sahədir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni kənd yerlərində yaşayır. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalında özümüzü yüz faiz təmin etmə prinsipi tətbiq edilir. Yaxın illərdə biz özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edəcəyik". Son 16 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb.
Yerli istehsal üzrə potensialın güclənməsi və rəqabətqabiliyyətliliyin yüksəlməsi hesabına ölkədə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə artıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35 faiz olduğu halda, hazırda 90 faizə yaxındır. Bütün növ tərəvəz və meyvə ilə özünütəminetmə səviyyəsi 100 faizdən çoxdur. Ayrı-ayrı sahələr üzrə özünütəminetmə səviyyəsinin yerli istehsal hesabına artırılması, inkişaf və idarəetmə məsələlərinin daha çevik tənzimlənməsi, dövlət dəstəyini gücləndirməklə müvafiq sahələr üzrə proqram yanaşmasının tətbiq edilməsi və ünvanlı siyasət tədbirləri mexanizminin yaradılması məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən, "Heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı", "Taxılçılığın inkişafına dair Dövlət Proqramı" və "Toxumçuluğun inkişafına dair Dövlət Proqramı"nın hazırlanması istiqamətində aparılan işlər yekun mərhələsindədir.
Strateji yol xəritəsi: əhalinin ərzaq və qida təhlükəsizliyinin təmin olunmasında uğurlu istiqamət
Ən mühüm məqam isə, qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə, onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olmuş və müvafiq sənədlər imzalanmışdır. "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi" də bu istiqamətlərdən biridir. Bu Strateji Yol Xəritəsinin ümumi məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına nail olmaqdır. Strateji Yol Xəritəsində ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalında və emalında istifadə olunan istehsal vasitələri və bu sektorda həyata keçirilən xidmətlə təminat məsələləri də dərindən araşdırılmış və bütün bu məsələlərin yaxşılaşdırılması üçün görülməsi vacib olan istiqamətlər müəyyən edilmişdir. Strateji Yol Xəritəsində onun əsas məqsədlərindən biri olan əhalinin ərzaq və qida təhlükəsizliyinin təmin olunması çox geniş və əhatəli formada təhlil edilərək, görüləcək işlər müəyyən edilmişdir. Bu məqsədlə Ərzaq Təhlükəsizliyi Komissiyasının və Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, beynəlxalq normalara uyğun rasional fizioloji istehlak normalarının hazırlanması, ölkənin, həmçinin, hər bir regionun və inzibati
rayonun ərzaq məhsulları üzrə tələbatı bu normalar əsasında dəqiqləşdirilərək, ərzaq ehtiyatlarının çeşid və həcm göstəriciləri üzrə yaxın, orta və uzunmüddətli proqnozların hazırlanması nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, artıq bu istiqamətdə konkret işlər görülür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı və Fərmanı ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.
Nəticə
Yuxarıda qeyd olunan uğurlu nəticələrin əldə olunmasında əsas faktor Azərbaycan dövlətinin, aqrar sahənin inkişafını daim diqqət mərkəzində saxlaması, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, yoxsulluğun ləğvində, əhalinin məşğulluğunun artırılmasında və maddi rifahının yaxşılaşdırılmasında konkret nailiyyətlər əldə edilir. Xüsusi olaraq, yüksək məhsuldarlıq üçün əsas səbəblərdən biri də qabaqcıl texnologiyaların tətbiqidir. O cümlədən, toxumçuluq və damazlıq işinə, keyfiyyətli üzvi gübrə təminatına diqqət daha da artırılır. Məhsuldarlığa təsir edən faktorlardan biri də suvarmanın genişləndirilməsidir. Respublikada 4768,3 min hektar kənd təsərrüfatına yararlı, o cümlədən, 1855 min hektar əkin sahəsi var ki, bunların da, müvafiq olaraq, 30 və 65 faizi suvarılandır. Bir çox ölkələrə nisbətən, bu, çox yüksək göstəricidir. Bununla belə, son illər aparılan tədbirlər nəticəsində, respublikada Taxtakörpü və Şəmkirçay su anbarları istifadəyə verilmişdir. Bu su anbarlarından istifadə sayəsində 10 min hektarlarla yeni suvarılan və suvarılması yaxşılaşdırılan torpaq əkin dövriyyəsinə daxil olacaq ki, bu da, məhsuldarlığın artımı üçün əlverişli şərait deməkdir.
Aqrar sektorda məhsul istehsalının çoxalmasına bir səbəb də bu sahəyə özəl sektor tərəfindən sərmayə qoyuluşunun artmasıdır. Sahibkarlar regionlarda müasir texnika və texnologiyalardan istifadə edərək, iri aqroparklar və fermer təsərrüfatları yaradır. Sözsüz ki, burada müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi məhsuldarlığın da artmasına imkan verir. Ölkədə 51 aqroparkın yaradılması istiqamətində işlər görülür. Artıq 22 aqropark fəaliyyətdədir, ilin sonunadək 11 aqroparkın da fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu layihələrin icrası nəticəsində, ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq.
Dövlət iri sahibkarlıqla yanaşı, kiçik və orta sahibkarlığın inkişafına da dəstək verir. Cari ildə həmin istiqamətdə görülən işlər bunu bir daha təsdiq edir.
Prezident İlham Əliyevin, dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB