Sahibkarlığa Kömək Milli Fondunun yeni saytının təqdimatı keçirilib

Bu gün Sahibkarlığa Kömək Milli Fondunun yeni versiyada internet saytının (www.anfes.gov.az) təqdimatı keçirilib. SİA-nın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, sahibkarlığın inkişafı dövlətin daim diqqətindədir və hazırlanan yeni internet saytı da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda sahibkarlığın inkişafına sistemli dövlət dəstəyi tədbirlərindən danışıb. O, qeyd edib ki, görülən işlər nəticəsində özəl bölmənin Ümumi Daxili Məhsulda payı 80 faizi ötüb.

Daha sonra Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev yeni sayt haqqında məlumat verib. O, vurğulayıb ki, saytda Fondun fəaliyyətini tənzimləyən normativ-hüquqi baza, güzəştli kreditlərin verilmə mexanizmi, güzəştli kredit əldə etmək üçün müraciət forması, güzəştli kreditlərin respublikanın iqtisadi rayonlarına, iqtisadiyyatın sahələrinə və kreditlərin növlərinə görə təsnifatı, güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan investisiya layihələri və digər məlumatlar əks etdirilib.

Ş.Abdullayev qeyd edib ki, saytda həmçinin, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyəşdirilmiş böyük və iri investisiya layihələrinin iqtisadi və inzibati rayonlar, həmçinin iqtisadiyyatın sahələri üzrə bölgüsü, layihələrin icrasının gedişi barədə mütəmadi yeniləşdirilən məlumatlar yerləşdirilib: "Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və onların inzibati rayonlarda yerləşən fılialları haqqında məlumatlara ictimaiyyətin sərbəst çıxışının təmin olunması üçün interaktiv xəritə yaradılıb. Yeni saytın yaradılmasında əsas məqsəd Fondun fəaliyyəti ilə bağlı şəffaflığı təmin etmək və ictimaiyyəti tam məlumatlandırmaqdır".

Fondunun icraçı direktoru söyləyib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək yeni saytda məlumatların yenilənməsi və dəyişiklərin edilməsi üçün proqram təminatı təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə