Ekspert: “Proseslər Avropanın Rusiyadan enerji asılılığının hələ uzun müddət qalacağını göstərir”

Ekspert: “Proseslər Avropanın Rusiyadan enerji asılılığının hələ uzun müddət qalacağını göstərir”

Rusiya 2011-ci ildə Avropaya satdığı qazın qiymətini artıracaq. "Qazprom"un idarə heyətinin sədr müavini Aleksandr Ananenkov bu il avropalı istehlakçılara "mavi yanacağ"ın 1000 kubmetrinin orta hesabla 352 dollara satılacağını bildirib. Bu da 2010-cu ildəki qiymətdən təqribən 45 dollar yüksəkdir. Proqnozlara görə, "Qazprom" il ərzində bu regiona 151,5 milyard kubmetr qaz nəql edəcək. Yaxın xaricə ixrac olunacaq yanacağın qiyməti isə orta hesabla 17 dollar artaraq 250 dollara çatacaq. Onu da bildirək ki, Rusiya Azərbaycanın ən böyük mavi qaz alıcılardan biridir. "Qazprom" cari ildə alacağı qazın həcmini 2.5 dəfə artırmağı - 2 milyard kubmetrə çatdırmağı düşünür. Diqqəti çəkən isə Rusiyanın Azərbaycandan idxal etdiyi mavi qazın qiymətlərində dəyişiklik planlaşdırmamasıdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ekspert Fuad Çıraqov bildirir ki, "Qazprom" şirkəti rəsmi şəkildə bu il təbii qaz satışından əldə etdiyi gəlirlərin özünün tarixi maksimum həddinə çatdıracağını bəyan edib: "Bu başlıca olaraq dünya bazarında xüsusilə Avropa bazarında təbii qaza olan tələbin artması və Avropa iqtisadiyyatının böhrandan çıxması ilə əlaqələndirilir. Digər tərəfdən dünya bazarında başlıca enerji təminatçısı Yaxın Şərqdə siyasi vəziyyətin qeyri-stabilliyi də burada öz rolunu oynayır. Göründüyü kimi, Rusiya bölgədə yaranmış siyasi gərginlikdən maksimum bəhrələnməyi və Avropanın özündən enerji asılılığını artırmağı planlaşdırır".

Rusiyanın hazırda Avropanın qaza olan ehtiyacının 23 fazini ödədiyini söyləyən F.Çıraqov deyir ki, "Qazprom" 2011-ci ildə təbii qaz satışından 72,4 milyard dollar gəlir götürməyi planlaşdırır: "Hansı ki, bu 2008-ci il ilə müqayisədə 2,5 milyard çoxdur. Göstərilən gəlirin 52,8 milyard dolları MDB –yə daxil olmayan ölkələrin payına düşür". Ekspert həmçinin bildirir ki, "Qazprom" MDB (Azərbaycan və Türkmənistan) ölkələrindən alacağı mavi qazın qiymətini ötən ilki səviyyədə saxlamağı planlaşdırır: "İxracın həcmini artırmaqla bağlı planlar isə istisna olunmur. Bu il həmçinin Ukraynadan və Belorusiyadan yan keçən, Baltik dənizinin dibi vasitəsilə Rusiya və Almaniyanı birləşdirən yeni qaz kəməri "Şimal xətti"nin açılışı gözlənilir. Bütün bunlar bir daha Avropanın Rusiyadan enerji asılılığının hələ uzun müddət qalacağını və Rusiyanın bundan siyasi təzyiq vasitəsi kimi istifadə edəcəyini göstərir".

F.Çıraqovun sözlərinə görə, Rusiya daxili enerji bazarında da bəzi qiymət dəyişiklikləri edib: "Belə ki, "Qazprom" və digər əsas enerji şirkətləri müxtəlif markalı benzinin (2-2,5 rubl), dizelin və aviakerosinin pərakəndə satış qiymətini aşağı salıblar. Bəzi ekspertlər bunu mümkün sosial narazılıqların qarşısının alınması üçün atıldığını bildiriblər".

Mütəxəssis hesab edir ki, əhalinin sosial rifahının yaxşılaşdırılması tədbirləri çərçivəsində analoji addım enerji istehsalçısı kimi Azərbaycanda da nəzərdən keçirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə