"Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm dönüş var" AÇIQLAMA-ÖZƏL

"Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm dönüş var" AÇIQLAMA-ÖZƏL

“Azərbaycanda həyata keçirilən iqtisadi inkişafın məqsədi, amalı xalqımızın rahat yaşaması, onların sosial müdafiəsinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsidir. Bu, bir daha ötən gün Preziden İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də diqqətə çatdırıldı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.

Dövlət başçısının müşavirədəki fikirlərindən misal gətirən deputat söyləyib ki, Prezident İlham Əliyevin söylədiyi kimi sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir.

R. Quliyev bildirib ki, Azərbaycan inkişafın yeni mərhələsində inamla addımlayır: “Qonşu ölkələrdə gedən iqtisadi, siyasi proseslər fonunda Azərbaycanın son 6 ayda inkişaf dinamikasına baxdıqda əminliklə deyə bilərik ki, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur, ümumi iqtisadi vəziyyət çox müsbətdir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Ən sevndirici məqam isə altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artmasıdır”.

Deputat qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı onun artım templərinin neft sektorunu üstələməsi bu istiqamətdə mühüm dönüşün olduğunu sübut edir: “Bu, son illərdə sənayeləşmə siyasətimizin müsbət nəticələr verdiyini, sənayemizin qeyri-neft sektorunun rekord addımlarla irəlilədiyini göstərir. Bununla yanaşı, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır”.

Bu ilin 6 ayında kənd təsərrrüfatında nəzərə çarpacaq qədər artımın olduğunu deyən komitə üzvü vurğulayıb ki, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət öz nəticələrini verməkdədir: “Məhz bunun nəticəsidir ki, bitkiçilik 25, taxılçılıq 40, bostan məhsulları təxminən 40, meyvə 20, barama 25 faiz, tərəvəz istehsalı 14 faiz artıb. İstehsalın artması, ixracımızın da artması deməkdir. Hesab edirəm ki, biz növbəti illərdə bu istiqamətdə daha böyük rəqəmlərin və nəticələrin şahidi olacağıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə