BVF-in nümayəndəsi: "Azərbaycanda ilin sonuna 10%-ə çatacağı gözlənilən artan inflyasiya tempi makroiqtisadi risklər yaradır"

BVF-in nümayəndəsi: "Azərbaycanda ilin sonuna 10%-ə çatacağı gözlənilən artan inflyasiya tempi makroiqtisadi risklər yaradır"

"Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi böhrandan sonra bərpası davam edir. 2010-cu ildə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempi müşahidə olunub və bu artım geniş dövlət investisiya xərcləri ilə əhəmiyyətli dərəcədə stimullaşdırılıb. Əsasən qlobal ərzaq qiymətlərinin qalxması üzündən 2010-cu ildə inflyasiya yüksək templə artıb. İnflyasiya gözləntilərinin möhkəmlənməsi ilə bağlı artan əlamətlər müşahidə olunur". SİA-nın xəbərinə görə, bunu Bakıda işgüzar səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının rəhbəri Nadim İlahi keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2011-ci ilin perspektivləri ümidvericidir: "Lakin 2011-ci ilin sonuna 10%-ə çatacağı gözlənilən artan inflyasiya tempi makroiqtisadi risklər yaradır. Rəsmi orqanların əsas vəzifəsi inflyasiya gözləntilərini məhdudlaşdırmaq, büdcə-vergi siyasəti isə tələb ilə bağlı təzyiqləri zəiflətməyə yönəldilməlidir".

 

Eyni zamanda neft gəlirlərindən maliyyələşən büdcə ekspansiyası son illərdə qeyri-neft sektoru artımının əsas aparıcı qüvvəsi olub, lakin iqtisadiyyatın hərarətinin yüksəlməsi ilə bağlı olan artan risklər 2011-ci ildə ehtiyatlı siyasətin həyata keçirilməsini tələb edir. BVF-in nümayəndəsi hesab edir ki, 2010-cu ildə xərclərin məhdudlaşdırılması qeyri-neft kəsirinin gözləniləndən daha az olması ilə nəticələnib: "Bu isə öz növbəsində inflyasiya səviyyəsini məhdudlaşdırmağa kömək edib. BVF missiyası 2011-ci ildə də xərcləri məhdudlaşdırmağı tövsiyə edir və rəsmi orqanların büdcə xərclərini iqtisadiyyatın xərcləri mənimsəmə imkanlarına uyğunlaşdırmaq niyyətini alqışlayır. Hətta yeni karbo-hidrogen ehtiyatları perspektivi gerçəkləşərsə belə, orta müddətli dövrdə büdcənin davamlılığını təmin etmək tələb olunur. Buna nail olmaq üçün qeyri-neft gəlirləri artırılmalı, dövlət xərclərinin effektivliyi yüksəldilməli və davamlı özəl qeyri-neft sektorunun inkişafının davam etməsi üçün şərait yaradılmalıdır".

 

Nadim İlahi deyir ki, 2011-ci ildə iqtisadiyyatın hərarətinin yüksəlməsini göstərən əlamətlər pul-kredit siyasətini sərtləşdirməyi tələb edir: "Bu yaxınlarda Mərkəzi Bankın intervensiya dərəcəsinin yüksəldilməsi və daha çevik məzənnə siyasətinə keçidi düzgün tədbirlərdir və bu addımlara paralel olaraq iqtisadi siyasət tədbirləri daha sıx əlaqələndirilməli, inflyasiya hədəfinin təyin edilməsi sisteminə keçilməli, habelə bank sisteminin məzənnə risklərinin öhdəsindən gəlmə bacarığı yaxşılaşdırılmalıdır. BVF missiyası Mərkəzi Bankın likvidliyi sterilləşdirmək planını alqışlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə