Azərbaycanın elmi-texniki və iqtisadi qüdrəti

Azərbaycanın elmi-texniki və iqtisadi qüdrəti

"Azərkosmos" tərəfindən yarım ildə 19 ölkəyə 18,6 milyon dollarlıq xidmət ixrac olunub


Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası ölkənin inkişafı üçün geniş imkanlar açıb. Bu inkişaf nəticəsində müasirləşən və modernləşən Azərbaycan beynəlxalq aləmdə innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb.
Sözsüz ki, bu, Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətdir. Eyni zamanda, siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı.
Azərbaycanın və Qafqazın ilk peyk operatoru "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi idi.
AZƏRBAYCANIN İLK TELEKOMMUNİKASİYA PEYKİ KOMMERSİYA XARAKTERLİ VƏ GƏLİRLİ BİR LAYİHƏDİR
Məlumdur ki, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. "Azərspase-1" telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. İstismar müddəti 15 il olan "Azərspase-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir.
"Azərspace-1" peykinin texnoloji dizaynı və qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı gücündədir. "Azərspace-1" Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən artıq ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir. Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan "Azərkosmos" ASC yaradılmasından, ötən dövr ərzində, ölkədə və bütünlüklə, regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilmişdir. Şirkətin resursları ona müasir infrastruktur əsasında yeni yaranan texnologiyaların tətbiqinə, bununla da, yerüstü rabitə şəbəklərinin əhatə dairəsinə düşməyən ərazilərdə peyk əsaslı xidmətlərdən istifadə edilə bilməsi üçün əlavə dəyər yaratmağa imkan verir.
Artıq ötən müddətdə uğur əldə edilib. 2014-cü ildən "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin, tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də, Livan, əfqan, ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb. Hazırda "Azərspace -1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb.
Hazırda "Azerspace-1" peykinin resurslarının 60 faizdən çoxu kommersiya yönümlü istifadədədir.
"AZƏRKOSMOS" ASC-NİN XİDMƏT İXRACINDAN ƏLDƏ ETDİYİ GƏLİR ONUN ÜMUMİ GƏLİRLƏRİNİN 87,5 FAİZİNİ TƏŞKİL EDİB
Orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biri olan Azərbaycanın "Azərspace 2" peyki orbitə buraxılması, bir daha təsdiqlədi ki, bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda, innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Artıq Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir: "Azərspace 1" telekommunikasiya peyki, "Azərsky" müşahidə peyki və "Azərspace 2".
Peyklərin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında uğulu addımlardır.
2019-cu ilin yanvar-aprel aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 13,7 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çox olub. 2019-cu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə edilib. Bu, şirkətin əldə etdiyi ümumi gəlirin 89 faizini təşkil edib. "Azərkosmos" tərəfindən 17 ölkəyə, o cümlədən, ABŞ, Malayziya, Fransa, Böyük Britaniya, BƏƏ və digər ölkələrə xidmətlər göstərilib.
Bu ilin yanvar-iyun aylarında, ümumilikdə, "Azərkosmos" ASC 19 ölkəyə 18,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 faizini təşkil edib. İyunda isə, ASC tərəfindən 18 ölkəyə 2,5 milyon dollarlıq xidmət ixrac olunub.
"Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir" deyən Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra da Azərbaycan yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyini bildirib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə