Natiq Abbasov: “2020-ci ilədək Azərbaycanda qaz hasilatı ikiqat arta bilər”
"Hazırda Azərbaycan özünü enerji təhlükəsizliyi baxımından tam təmin edir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji sahəsində Anlaşma Memorandumu üzrə keçirilən görüşdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, əgər əvvəllər "Günəşli" yatağında neft ehtiyatı 300 mln. ton həcmində proqnozlaşdırılırdısa, hazırda bu proqnoz 2-3 dəfə artırılıb: "Biz 2006-cı ildə 32 mln. ton neft, 2009-cu ildə 50 mln. tondan artıq, 2010-cu ildə isə 51 mln. ton neft hasil etmişik. Azərbaycan neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldir".
2020-ci ildə Azərbaycan qaz hasilatını 54 mlrd. kubmetrə çatdıracağını deyən sənaye və energetika nazirinin müavini bildirib ki, əgər 2006-cı ildə Azərbaycan ildə 9 mlrd. kubmetr qaz hasil edirdisə və eyni zamanda daxili tələbatı ödəmək üçün qaz idxal edirdisə, 2010-cu ildə qaz idxalçısından qaz ixracatçısına çevrilib: "Ötən il Azərbaycanda qaz hasilatı 27 mlrd. kubmetrə çatıb. Artıq Azərbaycan Rusiya, İran, Türkiyə, Gürcüstan kimi ölkələrə qaz ixrac edir. 2020-ci ildə bu göstərici iki dəfə artaraq 54 mlrd. kubmetrə çatacaq".
N.Abbasov həmçinin vurğulayıb ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,2 trln. kubmetr təşkil edir. "Şahdəniz" layihəsinin II fazası və "Ümid" yatağından danışan nazir müavini qeyd edib ki, "Ümid" yatağının ehtiyatı 200 mlrd. kubmetr proqnozlaşdırılır: "Bizdə adətən proqnozlar aşağı olur və hasilata başlandıqdan sonra həcm proqnozdan çox olur". Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji sahəsində Anlaşma Memorandumuna toxunan Natiq Abbasov qeyd edib ki, memorandum özündə Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılması, "Cənub dəhlizi", enerji təhlükəsizliyi, bərpa olunan enerji, enerji effektivliyi və enerji resurslarının qorunması, alternativ enerji, təchizat, texniki əməkdaşlıq və təcrübə mübadiləsi kimi məsələləri əhatə edir.
Öz növbəsində görüş zamanı Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun direktoru xanım Georgette Lalis bildirib ki, Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşlarından biridir: " Əməkdaşlığımızı daha da inkişaf etdirməliyik. Bizim əlaqələrimiz çox güclüdür. Bu zəmində tərəflər arasında imzalanmış memorandum strateji tərəfdaşlığımızın indikatorudur".
Qeyd edək ki, bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji sahəsində Anlaşma Memorandumu üzrə görüş keçirilib. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB