Fazil Məmmədov: “Ötən il Azərbaycanda vergi ödəyicilərinin 82,6 %-i bəyannamələrini elektron formada tətbiq ediblər”

Fazil Məmmədov: “Ötən il Azərbaycanda vergi ödəyicilərinin 82,6 %-i bəyannamələrini elektron formada tətbiq ediblər”
"Bütün dünyanı bürümüş maliyyə böhranına baxmayaraq təkcə 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə yönəldilib. İnvestisiya strukturunda daxili investisiyaların payının çoxalması qeyri- neft sahələrinə yönəldilən sərmayələrin neft sənayəsinə qoyulan sərmayələri üstələməsi iqtisadiyyatın divesifikasiyasını və dayanıqlığını şərtləndirib".

SİA-nın məlumatına görə, bu sözləri vergilər naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov vergi xidməti işçilərinin peşə bayramına həsr olunan "İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir Azərbaycanın müasir standartlara cavab verən vergi qanunvericiliyi bazasına malik olduğunu və onun təkmilləşdirilməsi üçün lazımi tədbirlər görüldüyünü bildirib: "Azərbaycan Respublikası Vergi məcəlləsi vergi ödəyiciləri üçün bərabər iqtisadi şərait yaradır, vergi ödəyiciləri arasında diskriminasiyaya yol vermir. Qanunvericiliyin təkmilləşməsi nəticəsində hüquqi şəxslərin mənfəət vergisi ilə fərdi sahibkarların gəlir vergisinin dərəcəsi uzlaşdırılıb. Rezident və qeyri- rezident vergi ödəyiciləri arasında vergi yükü bərabərləşdirilib ki, bu da investisiya yatırılmasını şərtləndirən əsas amillərdəndir".

F. Məmmədov vurğulayıb ki, vergi yükünün səviyyəsi ölkədəki iqtisadi reallıqlara uyğundur və vergi dərəcələri mütəmadi olaraq aşağı salınır: "2010-cu ilin yanvar ayından etibarən mənfəət vergisinin dərəcəsi 22 % -dən 20 %- dək, gəlir vergisinin yuxarı həddi 35%-dən 30 %- dək endirilib, fərdi sahibkarlar üçün isə gəlir vergisi 20% səviyyəsində müəyyən edilib".

Elektron höküməti layihəsinin tərkib hissəsi olan avtomatlaşdırılmış vergi informasiya sisteminin vergi ödəyicilərinə ən mütərəqqi xidmətləri təqdim etməyə imkan verdiyini bildirən vergi naziri qeyd edib ki, Azərbaycan MDB məkanında elektron bəyannamələri tətbiq edən ilk ölkələrdən biridir: "Belə ki, ötən ilin yekunlarına görə Azərbaycanda ƏDV ödəyicilərinin 99,9 %-i, digər vergi ödəyicilərinin isə 82,6 %-i bəyannamələrini elektron formada tətbiq ediblər".

Bundan başqa, 2011-ci ildə qarşıda duran vəzifələrdən danışan vergi naziri, nəğdsiz ödənişlərin stimullaşdırılmasını, həmçinin vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdan kənar nəğd qaydada aparılmasının minumuma endirilməsi istiqamətində də işlər aparılacağını söyləyib.

Vergilər naziri həmçinin fevral ayından başlayaraq vergi ödəyicilərini və təsərrüfat subyektlərinin uçot məlumatlarının dəqiqləşdirilməsi məqsədi ilə onların pasportlaşdırılmasına başlandıqlarını da qeyd edib.

Xatırladaq ki, bu gün Vergi xidmətinin peşə bayramına həsr olunan "İqtisadi inkişafa xidmət edən vergi islahatları" tədbirində vergilər naziri Fazil Məmmədov, Milli Məclisin İqtisadi- Siyasi komitəsinin sədri Ziyad Səmədzadə, İqtisad universitetinin rektoru Şəmsəddin Hacıyev, Auditorlar palatası sədrinin müşaviri Nəcəf Talıbov, Sahibkarlar Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə