Bu gün Litva Respublikası Seyminin sədri İrena Dyaqutenenin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Litva biznes forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə İ.Dyaqutene, Azərbaycan Respublikası Milli Məclis sədri Oqtay Əsədov, Litvanın kənd təsərrüfatı, qida sənayesi, energetika, telekommunikasiya, tikinti, təhsil sahələrinin təmsil edən 20-dən çox iş adamı, Azərbaycanı isə eyni sahələrdə təmsil edən 60-a yaxın iş adamı iştirak edib.
Tədbiri giriş sözü ilə açan O.Əsədov iki ölkə arasında bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdiyini bildirib. O, qeyd edib ki, iki ölkə rəhbərliyi də iqtisadi əməkdaşlığın genişləndirilməsi xəttini dəstəkləyir. İki ölkə arasında ticarət dövriyyəsinin getdikcə artdığını deyən Milli Məclis sədri söyləyib ki, hazırkı rəqəm iki ölkənin mövcud potensialını əks etdirmir. Forum çərçivəsində aparılan müzakirələrin gələcək iqtisadi əməkdaşlıq üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edən O.Əsədov dünya maliyyə böhranına baxmayaraq Azərbaycanın iqtisadi inkişaf tempini saxladığını və maliyyə böhranının təsirlərindən yan keçdiyini deyib.
Litva Seyminin sədri forumu təşkil etdiyinə görə, Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. O, iki ölkə arasında əməkdaşlığın sıfırdan başlamadığını bildirərək diqqətə çatdırıb ki, 2008-ci ildən Azərbaycan Litva üçün mühüm ticarət tərəfdaşına çevrilib. Son iki il ərzində Azərbaycan və Litva arasında ticarət dövriyyəsinin 3 dəfə artdığını vurğulayan İ.Dyaqutene bildirib ki, hazırkı göstəricilər ölkələrin mövcud potensialını əks etdirmir və forum yeni potensialların axtarılması üçün gözəl fürsətdir. Litva Seyminin sədri ölkə iqtisadiyyatının müxtəlif sahələri, eyni zamanda təhsil sahəsi ilə bağlı forum iştirakçılarını məlumatlandırıb və bildirib ki, Litva qazandığı təcrübələri Azərbaycanla bölüşməyə hazırdır.
Biznes Forumda AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Rövşən Nəcəf şirkətin iştirakı ilə həyata keçirilən layihələr, Litva Xarici İşlər Nazirliyinin nümayəndəsi Regimantas Yablonskas isə ölkəsinin biznes imkanları barədə məlumat verib. Tədbirdə Azərbaycan və Litva barədə qısa filmlər nümayiş olunub.
Biznes Forumda Litva Sahibkarlar Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası, Vilnus Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu, həmçinin Litvanın "İnta" şirkəti ilə Azərbaycanın "Kiber Ltd" şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb.
Forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB