ARDNŞ-ın Ekologiya İdarəsi "Təmiz şəhər” ASC ilə birgə monitorinq keçirəcək

ARDNŞ-ın Ekologiya İdarəsi "Təmiz şəhər” ASC ilə birgə monitorinq keçirəcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi və "Təmiz şəhər" ASC Bakı şəhərinin müxtəlif ərazilərində məişət tullantıları ilə çirkləndirilən qeyri-qanuni tullantı poliqonlarının müəyyənləşdirilməsi və ləğv edilməsi sahəsində yaxından əməkdaşlıq edir.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ARDNŞ-ə məxsus mədən ərazilərində belə poliqonların mövcudluğunu araşdırmaq məqsədi ilə Ekologiya Idarəsi və "Təmiz şəhər" ASC-nin mütəxəssislərindən ibarət birgə işçi qrupu yaradılıb. Qrupun mütəmadi olaraq reydlər keçirərək müşahidələr aparması və mədən ərazilərində qanunsuz olaraq yaradılmış məişət tullantı poliqonlarının ləğv edilməsi ilə əlaqədar müvafiq təkliflər hazırlaması nəzərdə tutulub.

Əldə edilən razılığa əsasən, ARDNŞ-nin idarə və müəssisələrində formalaşan istehsalat tullantılarının toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi sahəsində məqsədyönlü fəaliyyəti gücləndirmək ücün Ekologiya İdarəsi ilə "Təmiz şəhər" ASC-nin əməkdaşlığı gələcəkdə daha geniş formatda davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə