Ötən il BNEZ-dən 7,3 ton tullantı daşınıb

Ötən il BNEZ-dən 7,3 ton tullantı daşınıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrində müxtəlif növ tullantıların idarə olunması, müəssisə və podratçıların fəaliyyəti zamanı tullantıların zərərsizləşdirilməsi, təkrar istifadə və emal olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməkdədir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ARDNŞ-nin Ekologiya İdarəsi ilə Heydər Əliyev adına Bakı neft emalı zavodu arasında bağlanan müqaviləyə əsasən müəssisənin istehsalat fəaliyyəti nəticəsində yaranan bərk və maye tullantılar, neft şlamı, işlənmiş qələvi tullantıları və s. Qaradağda yerləşən Tullantıların İdarəedilməsi Mərkəzinə daşınır.

2010-cu ildə zavoddan 7,3 ton tullantı daşınaraq həmin Mərkəzə təhvil verilib. Tullantıların idarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə zavod daxilində tullantıların əmələ gəldiyi və onların müvəqqəti saxlandığı sahələrdə TEK (təhlükəsizlik, ekologiya, keyfiyyət) xidməti tərəfindən daimi nəzarət həyata keçirilir. Zavodda yaranan məişət tullantıları da müvafiq qurumlar tərəfindən müəssisə ərazisindən kənarlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə