“Maliyyə Monitorinqi” adlı informasiya bülleteninin ilk nömrəsi nəşr olunub

“Maliyyə Monitorinqi” adlı informasiya bülleteninin ilk nömrəsi nəşr olunub

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin "İctimaiyyətlə Əlaqələr üzrə Strategiyası"na uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) ilə bağlı ictimaiyyətin məlumatlandırılması tədbirləri çərçivəsində "Maliyyə Monitorinqi" İnformasiya Bülleteninin ilk nömrəsini nəşr edib. SİA-nın xəbərinə görə, bülletenin birinci nömrəsində Azərbaycanda PL/TMM sisteminin inkişaf xronologiyası, müasir xüsusiyyətləri, bu sahədə mövcud fəaliyyətlər və əldə edilən nəticələr və digər mövzular üzrə ətraflı şəkildə məlumatlar verilib.

Bülletendə Azərbaycanda pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin tarixi haqqında hazırlanmış ilk və ətraflı məlumat verilib. Eyni zamanda, ölkəmizin pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlərlə bağlı beynəlxalq təşkilatların hesabatları da bülletendə verilib.

İctimaiyyətin Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti barədə məlumatlılığını artırmaq məqsədilə son xəbərlər, habelə PL/TMM sahəsində illik statistik məlumatlar əks olunub. Monitorinq subyektləri tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumatlar haqqında ümumiləşdirilmiş statistik hesabat verilib.

Bülletenin bir bölməsi isə pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq səviyyədə aparılan mübarizə tədbirləri haqqında məlumatlar əsasında hazırlanıb. Bu bölmədə müxtəlif ölkələrdə aparılan qanunvericilik islahatları, pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinə qarşı tədbirlər və digər bu kimi məlumatlar verilib.

"Maliyyə Monitorinqi" İnformasiya Bülleteninin elektron versiyası Maliyyə Monitorinqi Xidmətinin internet səhifəsində yerləşdirilib. (http://www.fiu.az/az/nəşrlər/məlumat-bülleteni).

Bütün xəbərlər Facebook səhifəmizdə