“Azəri-Çıraq-Günəşli”dən hasilat 3,5 milyard barreli ötüb

“Azəri-Çıraq-Günəşli”dən hasilat 3,5 milyard barreli ötüb

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,5 milyard barreli keçib. SİA xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında AÇG-də hasilat 52 milyon barrel, yəni 7 milyon ton təşkil edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (43 min), “Mərkəzi Azəri” (146 min), “Qərbi Azəri” (128 min), “Şərqi Azəri” (100 min), “Dərinsulu Günəşli” (96 min) və “Qərbi Çıraq” (58 min) platformalarından birlikdə gündəlik orta hesabla 571 min barrel olub. Rübün sonuna AÇG-də ümumilikdə 119 neft hasilat quyusu, 42 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-mart aylarında blokda 4 neft hasilat quyusu qazılıb.

Üç ayda AÇG layihəsinə təqribən 138 milyon dollar əməliyyat və 279 milyon dollar isə əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Bütün xəbərlər Facebook səhifəmizdə