"2019-cu ilin ilk rübü dinamik məqamlarla yadda qaldı" RƏY-ÖZƏL

"2019-cu ilin ilk rübü dinamik məqamlarla yadda qaldı" RƏY-ÖZƏL

“2019-cu ilin ilk rübü digər illərlə müqayisədə daha aktiv, dinamik məqamları ilə yadda qalıb. Belə ki, bu il Azərbaycan iqtisadiyyatı 3 faiz artım dinamikası nümayiş etdirib”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında çıxışı zamanı qeyd etdiyi kimi ölkəmizdə həyata keçirilən islahatlar öz nəticəsini göstərməkdədir: “Hüquqi, institusional sferada xeyli dəyişikliklər edilib. Bu hətta beynəlxalq hesabatlarda da öz əksini tapdı. 2018-ci ildə Dünya Bankı tərəfindən hazırlanan “Doing Bisness” hesabatında Azərbaycan 25-ci ildə qərarlaşdı. Hətta ölkəmiz islahatların ən sürətli həyata keçirildiyi ölkə statusuna layiq görülüb”.

İqtisadçı-ekspert bildirib ki, bu il sosial sferada da mühüm qərarlar qəbul edilib: “ Hansı ki bu qərarlar əhalinin bir başa həyat tərzinə təsir göstərdi. Həm minimum pensiya və əmək haqlarının artırılması, həm ehtiyac meyarının səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi kimi elementlər nəticə etibarı ilə vətəndaşlarımızın gəlirlərinin artırılmasına təsirini göstərir”.

R.Həsənov qeyd edib ki, ilin ilk rübündə verilən ən mühüm qərarlardan biri məhz problemli kreditlərlə bağlı olub: “Bu qərar kifayət qədər əhəmiyyətli qərar idi. Çünki son illərdə vətəndaşlar bu istiqamətdə ümidlərini itirməyə doğru gedirdilər. Lakin Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı mühüm Fərmanı həm bank sektorunun sağlamlaşdırılması prosesinə ciddi təkan verdi, həm də əhalinin borc yükündən azad olmasına şərait yaratdı. Bank sektorunun sağlamlaşdırılması ölkəmizdə kapitala çıxış imkanlarının genişlənməsinə gətirib çıxara bilər. Azərbaycanda əsas hədəflərdən birinin qeyri-neft sektorunun inkişafı olduğunu nəzərə alsaq, o zaman bu amil kiçik və orta sahibkarlığın, özünə məşğulluğun inkişaf etməsi maliyyə əlçatanlığına geniş imkan açır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə