Komitə sədri: "Azərbaycanın regionlarında yığılan vergi ölkə üzrə ümumi vergi yığımlarının 30-35%-nə çatdırılmalıdır"

Komitə sədri: "Azərbaycanın regionlarında yığılan vergi ölkə üzrə ümumi vergi yığımlarının 30-35%-nə çatdırılmalıdır"
Azərbaycanın regionlarında yığılan vergi ölkə üzrə ümumi vergi yığımlarının 30-35%-nə çatdırılmalıdır. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, ötən il regionlardan 400 milyon manat məbləğində vergi yığılıb ki, bu da pis göstərici deyil. Onun sözlərinə görə, ənənəvi olaraq ölkə üzrə vergilərin 80 faizi Bakıya məxsus olub: "Regionlardakı bəzi iri müəssisələr də vergiləri mərkəzdə ödəyir. Regionların inkişafı ilə əlaqədar olaraq təbii ki, büdcə gəlirlərinin formalaşmasında da müsbət dəyişikliklər olmalıdır və biz yaxın vaxtlarda vergi ödənilməsini 30-35% rəqəminə çatdırmalıyıq. Çünki regionlarda aparılan işlər imkanlarımızı genişləndirir".

Açıqlaması zamanı "Rəqabət Məcəlləsi"nə də toxunan millət vəkili layihəyə ciddi dəyişikliklər ediləcəyini dilə gətirib. Onun sözlərinə görə, rəqabət prosesinə dövlət nəzarətinin təkmilləşdirilməsi optimal olmalıdır.

"Azad bazar münasibətləri şəraitində kiçik biznesə maneçilik törədən amillər olmasın deyə dövlətin müəyyən funksiyaları var ki, layihədə onlar da öz əksini tapmalıdırlar. Layihəyə köklü dəyişiklik edilməyib. Sənəddə əsas dəyişiklilər ondan ibarətdir ki, qloballaşan dünya iqtisadiyyatında Azərbaycanın maraqlarına xələl gətirməyən maddə və müddəalar qanun layihəsinə salınıb",- deyə millət vəkili vurğulayıb.

Layihənin yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə təqdim olunacağını da qeyd edən komitə sədri əlavə edib ki, biz əmin ola bilərik ki, qəbul ediləcək qanun Azərbaycanda sahibkarlığın inkişafına yeni bir imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə