Ziyad Səmədzadə: "Milli Məclisin yaz sessiyasının ilk iclasında “İcbari sığorta haqqında” qanun layihəsinin müzakirəsinə başlanacaq"

Ziyad Səmədzadə: "Milli Məclisin yaz sessiyasının ilk iclasında “İcbari sığorta haqqında” qanun layihəsinin müzakirəsinə başlanacaq"
"Milli Məclisin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasında "İcbari sığorta haqqında" qanun layihəsinin müzakirəsinə başlanacaq". SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə jurnalistlərə verdiyi açıqlamasında deyib. Bütün iş adamlarını qanunun müzakirəsinə dəvət edən komitə sədrinin sözlərinə görə, burada məqsəd qanun layihəsinə düzəliş etmək deyil, bütövlükdə sığorta qanunlarının bir hissəsini icbari sığorta qanununda əks etdirmək, cəmiyyətə, işgüzar adamlara, eləcə də əhalinin sosial müdafiəsinin xidmətində duran insanlara vacib bir qanun təqdim etməkdir. O söyləyib ki, layihə bütün ölkə iqtisadiyyatını əhatə edəcək, Azərbaycanda müasir tələblərə, insanların keşiyində durmağa, eyni zamanda cəmiyyətdə normal maliyyə münasibətləri qurmağa imkan verəcək.

Açıqlaması zamanı "Tikinti Məcəlləsi" haqqında qanun layihəsinə də toxunan komitə sədri layihə ilə əlaqədar böyük işlər görüldüyünü deyib. Onun sözlərinə görə, layihə ilə bağlı işlər Almaniyanın çox böyük nüfuzlu şirkəti tərəfindən aparılır.

Şəhərsalma Məcəlləsi ilə Tikinti məcəlləsinin birləşdirilməsi məsələsinə gəlincə, Z. Səmədzadə bunun istisna olmadığını vurğulayıb: "Hər iki məcəllə Milli Məclisin iş planına salınıb. Dünyanı maraqlandıran ən mühüm məsələlərdən biri şəhərsalma problemidir. Əhali artdıqca, urbanizasiya prosesləri sürətləndikcə şəhərsalma problemlərinin qanunvericilik bazasının möhkəmlənməsinə ciddi ehtiyac duyulur. Hər iki qanun layihəsinin birləşməsi üçün uyğun cəhətlər çoxdur. Şəhərsalma proseslərində tikinti problemlərinə çox müraciət olunur, ona görə də təklif olunur ki, bu iki məcəllə birləşdirilsin. Bu barədə indi oxşar nöqtələri tapırıq. Paytaxt şəhərlərin böyüməsi, salınması məsələsi dövlətin aparıcı funksiyalarına daxildir. Bu proseslər əhalinin sosial yaşayışının yaxşılaşdırılması, ekoloji tarazlığının qorunması, xidmət sahələrinin inkişafına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə