Xəzər Avropa İnteqrasiya İşgüzar klubunda Ziyad Səmədzadə ilə görüş keçirilib

Xəzər Avropa İnteqrasiya İşgüzar klubunda Ziyad Səmədzadə ilə görüş keçirilib
Bu gün Xəzər Avropa İnteqrasiya İşgüzar klubunun növbəti tədbiri keçirilib. SİA-nın məlumatına görə, bu dəfəki tədbirin rəsmi qonağı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə olub. Tədbiri giriş sözü ilə açan klubun prezidenti və baş icraçı direktoru Telman Əliyev bildirib ki, təşkilatın bu tipli tədbirlər keçirməsində məqsədi iş adamları ilə dövlət rəsmilərini bir araya gətirmək, iş adamlarının qarşılaşdıqları problemlərin birbaşa dövlət rəsmilərinə çatdırılmasına şərait yaratmaqdır.

Klubun 2002-ci ildə yarandığını dilə gətirən T. Əliyevin sözlərinə görə, klub yaranandan indiyə qədər onun fəxri sədri dövlət başçısı İlham Əliyevdir.

Daha sonra söz alan Z. Səmədzadə ötən 20 il müddətində ölkədə iqtisadi sahədə əldə olunan uğurlardan danışıb. O bildirib ki, bu müddət ərzində əldə olunanlar Ümummilli lider Heydər Əliyevin strategiyası nəticəsində əldə olunub. Onun sözlərinə görə, 20 il müddətində Azərbaycan yeni sistemə- ictimai mülkiyyətdən qarışıq mülkiyyətə keçib. Ölkədə əldə olunanların 80 faizinin özəl sektorların payına düşdüyünü dilə gətirən komitə sədri vurğulayıb ki, bu gün Azərbaycan dünyada inkişaf edən, maliyyə böhranına az məruz qalan bir ölkəyə çevrilib: "Artıq ölkəmiz borc alan yox, borc verən ölkəyə çevrilib. Lakin buna baxmayaraq biz iqtisadi vəziyyəti daha da yaxşılaşdırmalıyıq. Çünki bizim həll olunmalı problemlərimiz var ki, onları həll etməliyik. Buraya iqtisadiyyatın diversifikasiya edilməsi, regionlarda işsizliyin aradan qaldırılması, bir sözlə ölkəmizin bütövlükdə inkişafı daxildir. Son 20 ildə Azərbaycanda əldə olunan ən böyük nailiyyət insan kapitalının yeniləşməsidir".

Çıxışı zamanı ölkədə informasiya texnologiyalarının (İT) inkişafına da toxunan komitə sədri bildirib ki, hazırda ölkədə ümumi daxili məhsulun 4-5 fazi İT-nin payına düşür. Bank sektoruna gəlincə, millət vəkili ölkədə bu sahənin də inkişaf etdiyini dilə gətirib. O qeyd edib ki, bundan sonra da ölkənin iqtisadi qüdrətini artırmalı, milli maraqlarımızı önə çəkməliyik.

Daha sonra tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə