“Azərikimya”da neft-kimya sənayesinin inkişaf tarixini əks etdirən yeni muzey yaradılıb

“Azərikimya”da neft-kimya sənayesinin inkişaf tarixini əks etdirən yeni muzey yaradılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən olan neft-kimya sənayesinin inkişaf tarixini əks etdirən yeni muzeyin yaradılması işi uğurla başa çatdırılıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, muzeyin ekspozisiyasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin neft-kimya sənayesinin genişləndirilməsi, onun potensialının durmadan artırılması və gücləndirilməsində, respublikamızda, o cümlədən Sumqayıtda daha mütərəqqi texnologiyalara əsaslanan yeni neft-kimya istehsalatı və qurğularının yaradılmasında əvəzsiz rolunu dolğun şəkildə nümayiş etdirən fotosənədlər xüsusi yer tutur.

Mərkəzi hissəsində Azərbaycanın unudulmaz rəhbərinin büstü qoyulan muzey 4 bölmədən ibarətdir. Muzeydə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövrlərində ölkə iqtisadiyyatının dirçəldilməsi məqsədi ilə həyata keçirilən proqramlar, neft-kimya sənayesinin inkişafına göstərilən diqqət və qayğı əks olunub. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ulu öndərin respublikanın neft-kimya sənayesinin potensialının daha da artırılması istiqamətində geniş fəaliyyəti, onun uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət muzeyin ana xəttini təşkil edir.

Stendlərdə Ulu öndər Heydər Əliyevin Sumqayıta səfərlərinə geniş yer ayrılıb. Onun təşəbbüsü və rəhbərliyi ilə dövlət zəmanətli kredit hesabına Yaponiyadan alınaraq Etilen-polietilen zavodunda inşa edilən Buxar-generator kompleksinin təməlqoyma və açılış mərasimləri müxtəlif fotolarda öz dolğun əksini tapıb. Məhz bu unikal enerji kompleksinin vaxtında istismara verilməsi sayəsində respublikanın neft-kimya kompleksi Sumqayıtın sənaye zonasında hökm sürən ağır enerji böhranını dəf edərək iflasa uğramaqdan xilas olub. Stendlərdə fotoşəkillərlə yanaşı Ümummilli liderin qiymətli fikirləri də əks olunub.

Qeyd edək ki, görkəmli dövlət başçısının Sumqayıta 16 səfərinin demək olar ki, yarısı məhz şəhərin kimya müəssisələrinin inkişafı, kimyaçıların sosial qayğıları və problemlərinin həlli ilə bağlı olub. Muzeyin sonuncu bölməsi neft-kimya elminin və sənayesinin inkişafında müstəsna xidmətləri olan görkəmli alimlərə, öz gərgin və səmərəli fəaliyyətləri ilə sənayenin bu çətin və ağır sahəsində mühüm rol oynamış kimyaçı istehsalat qabaqcıllarına həsr olunub. Bu bölmənin fotosənədlərində vətənə sədaqətlə xidmət edən dünya şöhrətli kimyaçı-alim akademik Yusif Məmmədəliyev, məşhur akademiklər Əli Quliyev, Murtuza Nağıyev, Mark Dalin, İsmayıl İbrahimov, həmçinin neft-kimya sənayesinin patriarxları Nikolay Baybakov və Süleyman Vəzirov, kimya müəssisələri veteranlarının şəkilləri yerləşdirilib. Muzeyin ekspozisiyası respublikanın arxivlərindən, muzeylərdən, Azərbaycan Dövlət Teleqraf Agentliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən, alimlərinin və veteran-kimyaçıların şəxsi arxivlərindən toplanan 700-ə yaxın fotoşəkil içərisindən seçilib. Muzeyin dizayner-mütəxəssislər tərəfindən orijinal tərzdə tərtib olunan interyeri Birliyin baş ofisinin daxili panoramını tamamlayaraq, onu daha da zənginləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə