"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi monitorinq qrupunun dekabr ayı ərzində avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda mövsüm üçün xarakterik olmayan passivlik qeydə alınıb. Birlikdən SİA-ya verilən xəbərə görə, təklifin ili köhnə avtomobillər hesabına kəskin artımı davam etmiş, ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında da azalma qeydə alınıb. Buna müvafiq olaraq əqdlərin dinamikasında da azalma qeydə alınıb.
Dekabr ayında avtomobil bazarında ili köhnə olan avtomobillərin hesabına təklif 10.9% artımla müşahidə olunub. Təklifin tələbi üstələmə tendensiyası dekabrda bir qədər də kəskin xarakter almış və təklif son illərdə ən yüksək həddə yüksəlib. Ay ərzində bağlanan əqdlərin dinamikası aşağı düşsə də, qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb. Dekabr ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə 0.7% azalmış və 15102 dollar təşkil edib.
Bazarda müşahidə olunan passivlik dekabr ayında avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olub. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olmuş, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırıb. Avtomobillərin likvidlik əmsalı son 3 illə müqayisədə ən aşağı həddə düşüb.
Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 15900-dən artıq avtomobilin cəmi 15,8%-i bazara məhz dekabr ayı ərzində təklif olunub. Digər 84,2%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bu isə idxalın azalması ilə yanaşı, alıcılıq qabiliyyətinin aşağı düşməsi və tələbin kəskin azalması ilə əlaqələndirilir. Əvvəlki aylarda olduğu kimi köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası dekabr ayında da davam etmiş və bazarda təklif əmsalının artımının dəyişmədiyi qeydə alınıb.
Üç ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payı noyabr ayı ilə müqayisədə 8,6% artımla müşahidə edilmiş, bu markanın ümumi portfeldə payı 34,5% təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın hamısı üzrə təklif artımı qeydə alınıb. Təklif üzrə ən cox artım istismarda olmuş Almaniya istehsallı avtomobillər üzrə qeydə alınıb. Buna baxmayaraq araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi "Mercedes-Benz" ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.
Ümumilikdə 9 markanın təklif üzrə payı 85,5% təşkil edib. Yerdə qalan 14,5%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB