Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi Beynəlxalq Şəbəkəyə üzv olub

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi Beynəlxalq Şəbəkəyə üzv olub

Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsinə üzv olub. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu şəbəkədə hazırda 74 ölkədən əksəriyyəti mərkəzi banklar olan 135-dən artıq dövlət təşkilatı təmsil olunmaqdadır. ABŞ, Kanada, Almaniya, Fransa kimi dünyanın aparıcı dövlətlərinin xüsusi aktivlik göstərdiyi şəbəkəyə MDB ölkələrindən Azərbaycan üçüncü ölkə olaraq qoşulur.

Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkənin qarşıya qoyduğu əsas məqsədi üzv ölkələrin aparıcı qurumları arasında iqtisadi və maliyyə savadlılığı üzrə informasiya və fikir mübadiləsinin təmin edilməsi, habelə beynəlxalq aləmdə bu sahədə mövcud olan qabaqcıl təcrübənin təbliğidir. Bu şəbəkəyə üzvlük həmçinin İƏİT-in zəngin elektron kitabxanasından istifadə imkanı verir.

TİM geniş ictimaiyyətin, jurnalistlərin, tələbələrin maliyyə savadlılığının yüksəldilməsi, eləcə də bank-maliyyə sahəsində işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsinə başlamışdır. Bu layihələrin həyata keçirilməsi nəticəsində yaradılacaq inkişaf resursları ölkədə iqtisadiyyat və maliyyə savadlılığının səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə