"Bir çox ərzaq məhsullarına tələbat yerli istehsal hesabına təmin edilir” RƏY-ÖZƏL

"Bir çox ərzaq məhsullarına tələbat yerli istehsal hesabına təmin edilir” RƏY-ÖZƏL

“Qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün ötən 16 il ərzində ölkəmizdə çox böyük əhəmiyyəti olan geniş miqyaslı tədbirlər görülüb, mühüm islahatlar həyata keçirilib”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

Deputat bildirib ki, həyat keçirilən iqtisadi islahatlar bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsinə də öz müsbət təsirini göstərib.

Onun sözlərinə görə, görülən işlər, atılan addımların nəticəsidir ki, 2018-ci ildə ilk dəfə olaraq respublikamızda dəyəri 7010 milyon manat olan kənd təsərrüfatı məhsulu istehsal edilib: “Ötən il əldə edilən ümumi daxili məhsulun (79797 milyon manat) 5,3 faizi və ya 4190 milyon manatı kənd təsərrüfatının payına düşüb. Əldə edilən bu rekord göstəricilər heç də asan başa gəlməyib, ölkəmizdə elmi əsaslara əsaslanan aqrar siyasətin formalaşması və uğurla həyata keçirilməsi sayəsində mümkün olub”.

T. Süleymanov söyləyib ki, kənd təsərrüfatının inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas bazadır: “Hansı ölkə öz əhalisini yerli kənd təsərrüfatı məhsulları ilə təmin edə bilmirsə, o, həmin məhsulları maliyyə ehtiyatları imkan verdiyi səviyyədə xarici ölkələrdən idxal etməklə bu məsələni həll etmək məcburiyyətində qalır. Bu da öz növbəsində həmin ölkəni məhsullarını idxal etdiyi ölkələrin iradəsinə tabe etməklə, həm iqtisadi və həm də siyasi cəhətdən onlardan asılı vəziyyətə salır. Digər tərəfdən kənd təsərrüfatının inkişafı ölkədə kənd təsərrüfatı ilə yanaşı həm də yeyinti, emal, yüngül, maşınqayırma və kimya sənayesinin, habelə ticarət, nəqliyyat və anbar təsərrüfatının və digər sahələrin inkişafını təmin edir. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə