Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib

Mərkəzi Bankın İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 2010-cu ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. SİA-nın xəbərinə görə, Mərkəzi Bankın bütün struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin də qatıldığı iclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov giriş sözü ilə çıxış edib.

O, ölkə başçısının Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişaf yekunlarına həsr olunmuş geniş iclasında Azərbaycan iqtisadiyyatının qlobal böhrandan uğurla çıxması ilə bağlı fikirlərini xüsusi vurğuladı. Sədr bildirdi ki, cənab Prezident makroiqtisadi sabitliyin iqtisadi inkişafda önəmli olmasını daim qeyd edir və burada Mərkəzi Bankın, onun pul, məzənnə və maliyyə sabitliyi siyasətinin əhəmiyyətli rolu vardır.

E.Rüstəmov bildirib ki, yola saldığımız onillik Azərbaycanın iqtisadiyyat tarixində intibah və inkişaf dövrü kimi yadda qalacaq. Ümumilikdə son on ilin inkişaf nəticələrinə görə ölkə iqtisadiyyatı dünya təcrübəsində çox az rast gəlinən bir kəmiyyət və keyfiyyət inkişafına nail ola bilmişdir. İqtisadi artımın 4 dəfə, ixracın 15 dəfə, valyuta ehtiyatlarının 31 dəfə artması bunun bariz göstəriciləridir. Bu davamlı inkişaf makroiqtisadi sabitlik şəraitində əldə olunmuşdur - orta illik inflyasiya 7%, manatın məzənnəsinin orta illik dəyişməsi tempi isə 1% ətrafında olub. Belə bir mühitdə ölkənin maliyyə sektorunun əsas göstəriciləri 15-20 dəfə artıb. Mərkəzi Bank ölkənin iqtisadi inkişafına və işgüzar infrastrukturuna dəstək verən onlarla strateji layihə həyata keçirib. Bir çox inkişaf institutları (ipoteka, əmanətlərin sığortlanması fondu, kart prosessinq mərkəzi, maliyyə monitorinqi xidməti və s.) yaradılıb.

İclasda, həmçinin qeyd edildi ki, 2010-cu ildə AMB makroiqtisadi sabitliyi olduqca mürəkkəb qlobal iqtisadi mühitdə qorunub. Makroiqtisadi sabitlik, bank sektorunda maliyyə sabitliyi və iqtisadi artım sahəsində əldə olunmuş nəticələr göstərir ki, Mərkəzi Bank bu məsuliyyətin öhdəsindən uğurla gələ bilib.

E.Rüstəmov növbəti strateji dövrdə Mərkəzi Bankın qarşısında duran vəzifələri də açıqladı.

Ümumi müzakirələr bir daha göstərdi ki, Mərkəzi Bank növbəti strateji dövrdə qarşıya qoyduğu məqsədlərə çatmaq üçün bütün imkanlara malikdir və 2011-ci ildə də ölkənin iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə