Arif Vəliyev: “ Ötən il ümumi daxili məhsulun istehsalı 5 faiz artıb”
Ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan sürətli inkişaf 2010-cu ildə də davam edib, istehsal və xidmət sahələrində qazanılan uğurlar yüksək artım sürətini təmin edib. SİA-nın verdiyi xəbər görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev ötən ilin statistik yekunlarına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, əldə olunan uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə öncüllər sırasında olduğunu göstərir: "Belə ki, ölkənin inkişafını xarakterizə edən əsas makro göstəricisi olan ümumi daxili məhsul istehsalı 5,0 faiz və ya müqayisəli qiymətlərlə 1,8 milyard manat artaraq 41,6 milyard manata çatıb. Ümumi daxili məhsulun 52,6 faizi sənaye sahələrində, 5,4 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 7,5 faizi tikinti kompleksində, 7,6 faizi ticarət və pullu xidmət sahələrində, 6,0 faizi nəqliyyatda, 1,9 faizi rabitədə, 11,9 faizi digər xidmətlər və sosial sahələrdə yaradılıb 7,1 faizi məhsula və idxala xalis vergilərin payına düşüb".
O, qeyd edib ki, neft sektorunda ümumi daxili məhsul istehsalı 1,8 faiz, qeyri-neft sektorunda isə 7,9 faiz artıb. Adambaşına isə 4653,3 manatlıq (5797,8 ABŞ dolları), yaxud 2009-cu ildəkindən 3,7 faiz çox əlavə dəyər istehsal olunub. Sənaye müəssisələrində çalışanların və sənaye məhsulu istehsalı ilə məşğul olan fiziki şəxslərin səyi nəticəsində 2010-cu ildə 27,4 milyard manatlıq məhsul istehsal olunaraq 2009-cu illə müqayisədə 2,6 faiz artdığıni deyən komitə sədri bildirib ki, sənaye məhsulunun 75,8 faizi istehsal olunub mədənçıxarma bölməsində 50,8 milyon ton neft və 16,7 milyard kubmetr əmtəəlik qaz hasil olunub.
Eyni zamanda sənaye məhsulunun payına 4,5 faizi düşən elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılan hava ilə təchizat bölməsində elektrik enerjisinin istehsalı aşağı düşüb, 2010-cu ildə 17,6 milyard kvt.saat elektrik enerjisi istehsal edilib: "Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 159,6 milyon manatlıq məhsul olunub. Sənaye məhsulu istehsalı qeyri-neft bölməsində 6,6 faiz, neft sektorunda 1,7 faiz artıb".
A. Vəliyev bütün iqtisadi artımlara baxmayaraq məlum olan səbəblərə görə, kənd təsərrüfatı mallarında azalmanın müşahidə olunduğunu vurğulayıb. Heyvandarlıq sahəsində isə mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı stabil olaraq qalıb: "Yanvar ayının 1-nə iri buynuzlu mal-qaranın baş sayı 2637,4 min başa, qoyun və keçilərin baş sayı 8463,1 min başa çatıb, iri buynuzlu mal-qara sürüsündə məhsuldar inək və camışların xüsusi çəkisi 48,3 faiz təşkil edib. 2010-cu ildə diri çəkidə 440,0 min ton ət, 1529,2 min ton süd, 1178,6 milyon ədəd yumurta, 15,6 min ton yun istehsal olunub. Ət istehsalı 7,1 faiz, süd istehsalı 6,7 faiz, yun istehsalı 2,4 faiz artmış, yumurta istehsalı 2,5 faiz azalıb. Kənd təsərrüfatnın ümumi məhsulu 2,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 8,9 faiz azalmış, heyvandarlıq məhsulları istehsalı isə 6,1 faiz artıb. Kənd əməkçiləri 2011-ci ilin məhsulu üçün 1017,8 min hektar sahədə şum qaldırmış, 915,3 min hektar sahədə dən üçün taxıl səpiblər. Dən üçün səpilən sahələrin 660,5 min hektarını buğda, 254,7 min hektarını arpa sahələri təşkil edib. Ötən mövsümlə müqayisədə buğda səpilən sahələr 1,2 min hektar, arpa səpilən sahələr 5,6 min hektar artıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB