Yeni internet portalı təqdim olunub -VİDEO-FOTOLAR

Yeni internet portalı təqdim olunub -VİDEO-FOTOLAR

Aprelin 5-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet portalını təqdim edib. SİA xəbər verir ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı "Azranking.az" portalının dünyada unikal platforma olduğunu deyib.

Bildirib ki, Komissiya bu portal vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək. Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkil edilməsi, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq. "Azranking.az" portalında beynəlxalq reytinqlər üzrə bütün məlumatlar, metodologiya, qiymətləndirmə, eyni zamanda, reytinq üzrə qiymətləndirilən bütün ölkələrin Azərbaycanla illər üzrə müqayisəli təhlil sistemi və digər funksiyalar mövcuddur. Portal Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də, kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Vüsal Şıxəliyev Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya barədə danışıb. Qeyd edib ki, Komissiya 2016-cı ildə dövlət başçısının müvafiq sərəncamı ilə yaradılıb. Komissiya yaradılarkən onun qarşısında duran əsas vəzifə biznes mühitinin daha da yaxşılaşdırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsinin təmin edilməsi olub. Ötən il Komissiyanın Əsasnaməsi təsdiqlənib və Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Komissiyanın fəaliyyətinin təşkili üçün internet portalının yaradılması Nazirlər Kabinetinə tapşırılıb.

Bildirib ki, bu portalın 4 əsas platforması var. Portalda Komissiyanın hər bir üzvünün avtobioqrafiyası yerləşdirilib. Komissiyanın sədri Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. Komissiya yaradılarkən daha funksional vəzifələri icra etmək məqsədilə 18 istiqamət üzrə işçi qrupu yaradılıb. Bu işçi qrupları bütün sahələri, o cümlədən biznesə başlama, səhiyyə, insan kapitalı, fiziki infrastruktur və ölkə üçün mühüm əhəmiyyətli sahələri əhatə edir. Komissiyanın 250-dən çox heyəti var. Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzə nümayəndəliyin rəhbəri Aliyə Əzimova, vergilər nazirinin müavini İlkin Vəliyev, energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, "PWC Azerbaijan" şirkətinin idarəedici partnyoru Mövlan Paşayev, "AmCham"ın prezidenti Nuran Kərimov və Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi investorların maraqlarının qorunması, elektron məhkəmə, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, habelə vergi və gömrük sahəsində aparılan islahatlara dair təqdimatlarla çıxış ediblər.

Komissiyanın yeni internet portalı ilə https://azranking.az/ linki vasitəsilə tanış olmaq mümkündür.

Tədbir çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İslahat icmalı"nın yeni buraxılışını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə