İİTKM yeni internet portalını təqdim edib

İİTKM yeni internet portalını təqdim edib

Bu gün, 5 aprel tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdim edib. SİA xəbər verir ki, portal barədə mərkəzin icraçı direktoru Vüsal Qasımlı danışıb.

O, məlumat verib ki, Komissiya "Azranking.az" portalı vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək. Artıq yeni internet platforması vasitəsilə komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkili, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də reallaşacaq. Sözügedən portal Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların kütləvi informasiya vasitələrində, eyni zamanda ictimaiyyət tərəfindən şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalda Komissiya haqqında məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə