“Star” NEZ ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək

“Star” NEZ ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək

Türkiyənin İzmir şəhərinin Əliağa rayonundakı SOCAR-ın “Star” neft emalı zavodu (NEZ) ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək. Türkiyə KİV-lərinə istinadən SİA xəbər verir ki, bu barədə “Star” NEZ-in baş direktoru Mesut İlter deyib.

O bildirib ki, artıq NEZ-də bütün sınaq işləri yekunlaşıb və zavod ən yaxın zamanda tam gücü ilə işləyəcək. Zavodda bu ilin qalan dövründə 7,5-8 milyon ton neft emal olunacaq. NEZ gələn ildən tam gücü ilə, yəni, ildə 10 milyon ton neft emal edəcək: “SOCAR-ın Türkiyədə inşasını planlaşdırdığı ikinci neft-kimya zavodu istismara verilənə qədər “Star” ildə təxminən 500 milyon dollarlıq neft-kimya məhsulu ixrac edəcək. Bu da təxminən 700 min ton neft-kimya məhsulu deməkdir”.

Qeyd edək ki, “Star” zavodu ilk məhsulunu ötən ay “Petkim PetroKimya Holding A.Ş.”yə satıb. Zavodda ildə 1,6 milyon ton nafta istehsal olunacaq və artıq ilkin mərhələdə “Petkim”ə 1303 ton nafta satılıb. “Star” NEZ “Petkim”in naftaya olan tələbatını tam ödəyəcək.

Xatırlatmaq yerinə düşərdi ki, “Star” zavodunda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz (LPG), neft koksu və kükürd istehsal ediləcək. Layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir ki, bunun da artıq 90 faizi investisiya olunub. “Star”ın ümumi tutumu 2021-ci ilədək başa çatacaq investisiya ilə artırılacaq. İnvestisiya sonda ümumilikdə 7 milyard dollara çatacaq.

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi ötən il oktyabrın 19-da olub. “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Qeyd etmək lazımdır ki, mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Türkiyənin təyyarə yanacağına olan tələbatını zavod tam ödəyəcək. Neftin qiymətindən asılı olaraq “Star” hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

Neft emalı zavodunun daha məhsuldar işləməsi üçün SOCAR Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 1300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. “Petkim”in xam maddə tələbatının hamısını Türkiyənin ilk neft-kimya müəssisəsi demək olar ki, tam təmin edəcək. Burada hələ layihənin həyata keçirilmə müddətində 19 min 500 işçi çalışıb və yeni iş yerlərinin yaradılmasına da “Star” NEZ öz töhfələrini verəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə